
“Çinin süni intellekt sahəsində irəli çıxmağa çalışması Vaşinqtonu ciddi narahat edib. Təsadüfi deyil ki, ABŞ Nümayəndələr Palatası Konqres üzvlərini və əməkdaşlarına Çinin “DeepSeek”i ilə bağlı risklər barədə xəbərdar edib və onun xidməti cihazlara yüklənilməsinə qadağa qoyub”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun qözlərinə görə, Nümayənədlər Palatası buna səbəb kimi kiber təhlükələrlə bağlı narahatlığını göstərib:
“Ancaq aydındır ki, əsl səbəb Çin şirkətinin yeni layihəsində ABŞ şirkətlərini qabaqlamasıdır. Konqresmenlərin fikrincə, Amerikaya zərər vurmaq istəyənlər cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edə bilərlər. O səbəbdən Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib. Bu ilk belə hadisə deyil. Daha əvvəl “Microsoft Copilot”dan istifadə etmək qadağan olunmuşdu.
“DeepSeek”lə bağlı başqa bir problem də üzə çıxıb. “Bloomberg” agentliyinin məlumatına görə, “Microsoft” və “OpenAI” texnoloji korporasiyaları təhqiqata başlayıblar. Məqsəd “DeepSeek” şirkətinin məlumatları ABŞ-ın texnoloji şirkətlərindən qanunsuz şəkildə əldə edib-etməməsini araşdırmaqdır. Şübhələr var ki, “DeepSeek” ABŞ şirkətlərindən məlumatları toplamağa çalışıb”.
Elxan Şahinoğlu
E.Şahinoğlu bildirib ki, ABŞ-la Çin arasında gərgin rəqabətdə yeni mübarizə meydanı formalaşıb:
“ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan etmişdi. Söhbət “Stargate” adlandırılan layihədən gedirdi. Bu layihəyə bir neçə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir”, – deyən Tramp onun icrası üçün gərəkən infrastruktur yaradılacağını vurğulamışdı. Ancaq Tramp bunu söylədikdən bir neçə gün sonra Çindən zərbə aldı, “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itirdilər.
Çinli startapın Google və OpenAI kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başladı və son model ən çox yüklənən süni intellekt proqramına çevrildi. Ağ Ev bu prosesin qarşısını almağa çalışacaq. ABŞ prezidentinin süni intellekt üzrə müşaviri Devid Saks “Fox News” televiziya kanalına müsahibəsində “DeepSeek” şirkətinin kəşfinin oğurluq məhsulu olduğunu iddia edib. Saksın sözlərinə görə, Çin şirkəti ABŞ şirkətlətlərinin bilgilərindən yararlanıb. Saksın iddiaları təsdiqlənərsə, Vaşinqton Çinin texnoloji şirkətlərinə qarşı daha ciddi tədbirlər həyata keçirəcək”.
Turan Rzayev
Globalinfo.az