Bu qurumda parçalanma: Sərt şəkildə tənqid edərək istefa verdi!

“Uzun illər CHP-də önəmli vəzifələrdə olmuş Gürsəl Təkin az öncə hazırkı CHP rəhbərliyini sərt şəkildə tənqid edərək CHP üzvlüyündən istefa verdi. Təkin Dəniz Baykalın dövründən qalma ən güclü CHP-li sayılırdı”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev CHP daxilində parçalanmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürsəl Təkin uzun müddət baş katib kimi partiyanın 2-ci şəxsi olmuşdu:

“Bir zamanlar adı Kılıçdaroğlu sonrası CHP rəhbərliyi üçün keçirdi. Belə bir fiqurun yeni rəhbərliyə gəlmiş Özgür Özəli sərt tənqid edib partiyadan getməsi düşündürücüdür. Ehtimal ki, Gürsel Təkin bələdiyyə seçkiləri ilə bağlı narazı qalıb. Ola bilər ki, Təkin seçilə biləcəyi yerlərin birindən böyükşəhər bələdiyyəsinin sədrliyinə namizəd olmaq istəyib, ancaq CHP rəhbərliyi ona bu şansı tanımayıb.

Gürsəl Təkin

Təkin ümumiyyətlə, CHP daxilində problem yaradan biri olmayıb. Ancaq həmişə də ağır çəkili fiqur rolunu oynayıb. Təkinin bundan sonra 3 yolu var. Ya Məhərrəm İncənin yanına gedib Məmləkət Partiyasına qoşulacaq, ya da müstəqil şəkildə siyasi həyatına davam edəcək. Üçüncü variant isə özünün yeni partiya qurmasıdır. Ancaq bu çox da güclü bir ehtimal deyil. Təkin ağıllı siyasətçidir, yaxşı bilir ki, bu, ona böyük üstünlük gətirməyəcək.

CHP daxilində hazırda böyük narazılıq var. Partiya qaynayır. Hətta bunun təsiri bələdiyyə seçkilərində də hiss olunur. AK Partiyanın namizədi Murad Kurum rəy sorğularında artıq Əkrəm İmamoğluna yaxınlaşır. CHP əlində tutduğu böyük şəhərləri – Ankara və İstanbulu itirsə, bu, Özələ olan inamı çox kəskin azaldacaq. Ehtimal ki, bu zaman partiya daxilində olan “Kılıçdaroğlu qrupu” revanş götürəcək”.

Turan Rzayev
Globalinfo.az