Müxalifət seçkilərdə iştirakla bağlı qərarını açıqladı

Yaxın aylarda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bir neçə müxalif partiya sədrlərinin və üzvlərinin də namizədliyini irəli sürəcəyi bildirilir.

Müxalifət seçkiyə necə hazırlaşır? 

Mövzu ilə bağlı Globalinfo.az bəzi müxalif partiyaların rəhbərlərinin fikirlərini öyrənib.

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müzakirə aparılacağını bildirib:

“Hələ partiyada müzakirə edəcəyik. Ümumiyyətlə, partiyamız növbədənkənar seçkilərdə iştirak edəcək. Təbii ki, özüm də iştirak edəcəm. Amma qərarımızı seçki elan olunduqdan sonra tam açıqlayacağıq”.

Taleh Əliyev

Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev xeyli zamandır növbədənkənar seçkilərə hazırlaşdıqlarını qeyd edib:

“Artıq partiyanın 75 namizədi növbəti seçkilərə qatılacaq. Onlardan 60 nəfərinin seçki dairələri müəyyən edilib, digər 15 nəfərin də dairələrinin müəyyənləşdirilməsi yekunlaşmaq üzrədir”.

Arif Hacılı

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı deyib ki, növbədənkənar seçkilərin təyin olunacağı gözlənilən idi:

“Bunu nəzərə alaraq seçkilərlə bağlı müzakirələrə başlamışıq. Yaxın günlərdə həm seçkilərlə bağlı ümumi siyasi, həm də namizədlərlə bağlı qərar qəbul ediləcək. Amma hələlik konkret bir söz demək tezdir. Çünki Müsavat Partiyası seçkilərlə əlaqədar həlledici qərarların qəbul edilməsi üçün növbədənkənar məclisinin toplantısını çağırmaq niyyətindədir”.

Zaira Akifqızı

Globalinfo.az