2022 04 03 21 35 33T9n8Ds14cYtuRnzsj5jA file 1

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa müxalifyönlü bir qrup şəxsin həbsinin növbədənkənar prezident seçkiləri ilə əlaqələndirilməsinə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda müxalifət olduğuna görə kiminsə həbs olunması deyə bir tendensiya, ümumiyyətlə, yoxdur:

“Hansısa konkret əmələ görə həbs olunurlar. Kimsə xarici qurumlardan şübhəli şəkildə vəsait alıb, qanunvericiliyin tələblərinə uyğun davranmayıbsa, bunun müxalifətçiliyə nə dəxli? Yüzlərlə müxalifətçi var ki, bu əməliyyatlara girmir və onlara toxunan yoxdur. Sosial şəbəkələrdə tənqidi fikirlərinə görə kiməsə hər hansı söz deyən də yoxdur. Bu baxımdan, belə yanaşma yanlışdır. Bəziləri müəyyən hərəkətlər edirlər ki, həbs olunsunlar. Çünki başqa cür seçki prosesinə zərər yetirmək, yaxud müəyyən qədər seçkilərə kölgə salmaq imkanları yoxdur. Seçkiyə qatılmaq, qatılıb mübarizə aparmaq lazımdır. Müxalifətdirsə, seçkiyə qatılmalı və mübarizəsini aparmalıdır. Bəzi müxalifətçilər seçkiyə qatılmaq əvəzinə, belə ucuz şoularla nəsə etməyə çalışırlarsa, bu, bilavasitə ölkənin imicinə ziyan vurmaq məqsədilə atılan addımdır. Konkret jurnalistlərdən söhbət gedirsə, hər biri törətdiyi əmələ görə məsuliyyətə cəlb olunublar. Bunu ədalət mühakiməsi araşdırıb, obyektiv qiymətini verəcək. Sübut olunsa, cəza veriləcək, olunmasa, azadlığa buraxılacaqlar”.

Deputat “Həbslər davam edərsə, Avropa təşkilatları, ABŞ seçkilərlə bağlı sərt mövqe ortaya qoyacaq” kimi fikirlərə isə belə cavab verib:

“Guya seçki olmasa, Qərb dövlətləri, ABŞ, Fransa, Avropa İttifaqı Azərbaycanın lehinədir? Qarabağ məsələsində ki seçki yoxdur, hansısa proses getməyib. Qarabağ azad olunub, əleyhimizə bəyanat verirlər. Əleyhimizə olmaları seçki ilə bağlı deyil, bütövlükdə, Azərbaycanın suverenliyi, müstəqilliyi ilə bağlı məsələdir. Seçkini əsas götürüb hansısa nəticə çıxarmaq doğru deyil”.

Paylaş: