Heç kim susmasın, hamı yazsın bunları – Deputat hiddətləndi

“Çingiz Abdullayev ziyalıdır, tanınmış yazıçıdır, mədəni insan və əxlaq sahibidir. Çingiz müəllimin ölkəmiz qarşısında da xidmətləri böyükdür. 44 günlük müharibə zamanı Azərbaycan həqiqətlərini Rusiya kanallarında səsləndirən şəxsdir. Bizim Rusiya televiziyasına dəvət edilən neçə ziyalımız var?!”

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevi tənqid edənlər haqda danışarkən deyib.

O bildirib ki, Çingiz Abdullayevi məntiq və əxlaq çərçivəsində tənqid etmək olar, lakin aşağılamaq yolverilməzdir:

“Cahilliyin baş qaldırmasında, ayaq açmasında, təhqirin və söyüşün çiçəklənməsində ziyalıların da rolu var. Çünki cahillər ağız-ağıza, əl-ələ, səs-səsə verib çoxluq yarada bilir, cahilliklə barışmayanlar isə səslərini çıxarmırlar. Sosial şəbəkələrdəki nəticə sanki bütün cəmiyyətin cahillərlə razılaşdığını göstərir. Real nəticə isə bu deyil.

Real nəticəni görmək və cahillərin səsini batırmaq istəyiriksə, heç kim susmasın, kütləvi şəkildə müdafiə statusları yazsın və paylaşsın. Bəziləri deyə bilər ki, təhqir yazanları polis cəzalandırsın, sosial şəbəkələri mədudlaşdıraq və s. Xeyr, bu, çıxış yolu deyil. Sosial şəbəkəni polislə idarə etmək mümkün deyil, məhdudlaşdırmaq da həmçinin. Əksinə, sosial şəbəkələrin həyatımızdakı rolu daha da artacaq. Cahillik, söyüş və təhqirlə mübarizə elə sosial şəbəkənin özü vasitəsilə olmalıdır”.

Turan Rzayev
Globalinfo.az