Xəbər verdiyimiz kimi, sabiq baş nazir Rəhim Hüseynov noyabrın 12-də vəfat edib. R.Hüseynov 8 ay AXC iqtidarının baş naziri olub. Ondan sonra baş nazirin səlahiyyətlərini Əli Məsimov icra edib. 1993-cü ilin aprel ayında isə prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Pənah Hüseynov Azərbaycanın baş naziri vəzifəsinə təyin edilib.
Maraqlıdır, eks-prezident Ayaz Mütəllibovun təyin etdiyi baş naziri digər eks-prezident Əbülfəz Elçibəy öz komandasında niyə saxladı? R.Hüseynov 8 ay AXC iqtidarının baş naziri olması hansı ehtiyacdan doğurdu? Xatırladaq ki, Rəhim Hüseynov portnomeklaturanın ən tanınan və iri fiqurlarından biri kimi tanınıb. O, daha çox Rusiya meylli siyasətçi, dövlət adamı idi.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, Rəhim Hüseynov eks-prezident Ayaz Mütəllibovun hakimiyyətində baş nazir olub:
“Özü də o bir gün müddətinə baş nazir olub. Ondan sonrakı dövrdə 15 may 1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətdən kənarlaşdırıldı, konstitusion qaydalar bərpa edildi.
R.Hüseynov Elçibəy komandasında baş nazir vəzifəsini davam etdirməsi sırf o dövrün siyasi vəziyyəti ilə bağlı idi. Elçibəy Azərbaycanda həmrəylik olsun deyə keçmiş komandanın təcrübəli və özünü ictimai rəydə gözdən salmamış kadrlarının xeyli hissəsini vəzifədə saxlanıldı. Rəhim Hüseynov baş nazir kimi təyin edilməsinin bir səbəbi də məhz bu olubdur”.
Turan Rzayev
Globalinfo.az














