Mustafa Abbasbəyli başqa vəzifəyə təyin olundu

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

Globalinfo.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən o nazirliyin Aparatının rəhbəri təyin olunub.

Xatırladaq ki, Mustafa Abbasbəyli 2020-ci il iyulun 2-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

1996 – 2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2000 – 2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili”, 2001 – 2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistr təhsili alıb.

2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bundan əlavə, 2012 – 2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər doktoru proqramını bitirib.