“Dünyanın nüfuzlu tədqiqat mərkəzlərinin hesabatlarına görə, qarşıdakı 3 onillik boyu müsəlmanların sayı sürətlə artaraq, xristianların sayına çatacaq və 2050-ci ildən etibarən onları ötüb keçəcək, ABŞ və Avropanın özündə isə müsəlman miqrantlar çox ciddi siyasi gücə çevriləcəklər”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.
O bildirib ki, 2023-cü ilin statistikasına görə, hazırda 8 milyardlıq dünya əhalisinin artıq 2 milyarda yaxınını müsəlmanlar təşkil edir:
“Sayı və təsir imkanları artan müsəlman dünyasına liderlik uğrunda 6 əsas ölkə kəskin rəqabət aparır: Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və İndoneziya…
İslam dünyasına liderlik etmək, siyasi dillə desək, İslam sivilizasiyasının özək dövləti olmaq üçün hər birinin özünəməxsus üstünlükləri olduğu kimi, çox ciddi çatışmazlıqları da mövcuddur.
Coğrafi mövqe, iqtisadi və hərbi potensial, əhali resursları, etnik tərkib, eləcə də daxili dinamika, siyasi inkişaf və qlobal proseslərə təsir göstəriciləri baxımından müqayisə apardıqda, Osmanlı imperiyasının varisi Türkiyə liderlik imkanlarına görə digər 5 ölkəni üstələyir, ancaq onun bütövlükdə İslam dünyasının lokomotivi olması üçün özünü islamçı sayan iki dövləti – Səudiyyə Ərəbistanı və İranı mütləq yanına alması lazımdır.
Qısa desək, indi İslam dünyasının gələcək taleyi məhz bu 3 ölkənin – Türkiyə, İran və Səudiyyə Ərəbistanının əllərindədir, onların rəhbərlərinin ortaq qərar verə bilmək bacarıqlarından asılıdır”.
Politoloq deyib ki, Osmanlı imperiyasının çöküşü ilə dirçələn və bu gün dünya hökmranlığına yiyələnən Qərb dünyası üçün həmişə bu 3 müsəlman ölkəsinin yaxınlaşması fəlakət sayılıb:
“Qərb strateqləri hesab ediblər ki, bu 3 ölkənin yaxınlaşması İslam həmrəyliyi ideologiyasını vəhdət bağına çevirməklə Çin və Hindistanı Avropayla əlaqələndirən bütün quru nəqliyyat dəhlizləri üzərində müsəlmanların mövqelərini xeyli gücləndirəcək, beləcə, ABŞ və Avropa Şərqə doğru genişlənmək və resurslara nəzarət planlarında müsəlmanlardan asılı hala düşəcəklər.
Ona görə də hər vasitə ilə bu 3 müsəlman ölkəsini üz-üzə qoymağa, aralarındakı tarixi düşmənçiliyi – etnik millətçiliyi və məzhəb ziddiyyətlərini yeni məzmunda dərinləşdirməyə, yaxınlaşmalarına imkan verməməyə çalışıblar.
Elxan Şükürlü
Xatırladaq ki, Türkiyədə hənəfi, Səudiyyə Ərəbistanında hənbəli, İranda isə cəfəri fiqhinə əsaslanan dini dünyagörüş hakim olduğundan və hər ölkə də öz dini dünyagörüşünü “haqq məzhəb” saydığından, Qərb dünyası çox asanca onları üz-üzə qoymağı, aralarındakı dini ixtilafı dərinləşdirməyi bacarıb.
Ərazisində həm sünni, həm də şiə əhalisinin çoxluq təşkil etdiyi pravoslav Rusiya, eləcə də buddist Çin son dövrlər Qərbə qarşı hər 3 müsəlman ölkəsi ilə sürətlə yaxınlaşmağa, eləcə də onların özlərini yaxınlaşdırmağa və beləliklə də, Qərbin müsəlman amilindən istifadə imkanlarının qarşısını almağa can atsalar da, Qərb bu prosesi ən müxtəlif layihələrlə pozmağa çalışır”.
Ekspertin sözlərinə görə, hazırda Fələstinlə İsrail arasında başlanmış və bütün Yaxın Şərqi qarışdıra biləcək müharibədə müsəlman dövlətlərinə liderlik etmək iddiası olan ölkələrin tutacağı mövqedən çox şey asılı olacaq:
“Onlar bu müharibəni öz aralarında birləşmək fürsətinə də çevirə bilərlər, yenidən parçalanma səbəbinə və bəhanəsinə də.
İslamın əziz Peyğəmbəri Məhəmməd (s.ə.s.) bütün müsəlmanlara doğru yoldan azmamaq, parçalanmamaq üçün iki önəmli əmanət qoymuş və onlardan möhkəm yapışmağı tövsiyə etmişdi…
Kim onları bilirsə, onlardan yapışacaqsa, onlar vasitəsi ilə hökm edəcəksə, doğru yolla gedən və nicat qapısını ümmətin üzərinə açan da o olacaq. Kim yenə də doğruları yanlış ünvanlarda axtaracaqsa, Hesab Günü məsuliyyət də onun üzərində olacaq!
Allah ümmətimizi onları parçalayacaq bütün fitnələrdən qorusun”.
Turan Rzayev
Globalinfo.az














