Müsəlman ölkəsinin ABŞ-nin kölgəsindən çəkilmək planı: Çinlə yaxınlaşmanın görünməyən tərəfləri

Müsəlman ölkəsinin ABŞ-nin kölgəsindən çəkilmək planı: Çinlə yaxınlaşmanın görünməyən tərəfləri

Çin Xalq Respublikasının lideri Si Szinpin 7-9 dekabr aralığında Çin-Körfəz ölkələri sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Si Szinpin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddda kral Salman bin Əbdüləziz, onun oğlu və faktiki olaraq dövlətin ikinci adamı Məhəmməd bin Salmanla yanaşı Körfəz ərəb ölkələri liderləri ilə görüşəcək.

Çin liderinin ABŞ-ın regionda ən böyük müttəfiqi Səudiyyə Ərəbistanına səfər etməsi beynəlxalq ictimaiyyətinin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Səudiyyə Ərəbistanının ABŞ-ın indiki hakimiyyəti ilə və ümumiyyətlə demokratlarla uzun müddət davam edən fikir ayrılıqları var:

“Bu ziddiyyətlər Hillari Klinton və ondan əvvəl Bill Klintonun dövründə də vardı. Səudiyyə Ərəbistanı və digər körfəz dövlətləri Respublikaçılar partiyasından olan prezidentlərlə daha rahat keçinirlər. Donald Trampın qarşılanma mərasimini, ondan əvvəl isə Corc Buşla olan münasibətləri xatırlamaq kifayət edər. Ancaq demokratlarla hər zaman problemlərlə üzləşirlər. Çünki demokratlar həmin ölkədəki insan hüquqlarının pozulmasını qabardırlar. İstər jurnalist Qaşıqçı cinayəti, istərsə də qadın hüquqları olsun, həmçinin Səudiyyənin müəyyən terror qruplaşmalarına dəstəyi məsələlərində demokratlar rejimdən izahat tələb etdikləri üçün Krallıqla yola getməkdə problem yaşayırlar”.

Politoloq əlavə edib ki, Co Baydenin dövründə bu, həddən artıq problematik bir səviyyəyə çatdı:

“Bayden, Muhamməd bin Salman ilə görüşməyəcəyini bildirdi. Daha sonra Səudiyyəni ziyarət etməyə məcbur olsa da, görüş çox soyuq keçdi. Hətta onlar salamlaşmamaq üçün yumruq toqquşdurdular. Bunun qarşılığında Səudiyyə Ərəbistanı Rusiya ilə yaxınlaşdı. Məsələn, son OPEC toplantısında ABŞ neft istehsalının artırılmasında qiymətin aşağı salınmasını istəyirdi. Əksinə, Səudiyyə və digər Körfəz ölkələri Rusiya ilə birlikdə nə qiyməti aşağı saldılar, nə də neft istehsalını kütləvi surətdə artırdılar. Bu, həmin dövrdə Səudiyyə ilə ABŞ arasında gərginliyin yaranmasına səbəb olmuşdu. ABŞ-da general açıq şəkildə “biz bunları niyə qoruyuruq, onda getsinlər özləri özlərini qorusunlar, ya da Rusiya qorusun” – demişdi”.

Müsəlman ölkəsinin ABŞ-nin kölgəsindən çəkilmək planı: Çinlə yaxınlaşmanın görünməyən tərəfləri

T.Rzayev qeyd edib ki, hər dəfə neft qiymətləri süni şəkildə aşağı salındıqdan sonra Körfəz ölkələrində əhali çox ciddi problemlərlə üzləşib:

“Barak Obamanın dövründə neft qiymətləri 10-15 dollar endirilmişdi. Bu zaman Səudiyyənin büdcəsi və əhalisi çox böyük problemlərlə üzləşdi. Ölkə məcburiyyət qarşısında sosial hüquqları ləğv etdi. Şahzadəni həbs etdilər ki, onun vəsaiti ilə dövlətə investisiya qoysunlar və s. Artıq ABŞ ilə bu problemləri yaşamaq istəmir.

Eyni məsələ Çinlə də bağlıdır, çünki Səudiyyə neftini dünyada ən çox alan ölkələrdən biri də Çindir. Hərçənd ki, Səudiyyə, Avropada Rusiya neftini əvəz etməyə çalışıb, amma hələ ki, buna tam nail ola bilməyib. Bu səbəbdən Səudiyyə Ərəbistanı çox ehtiyatlı siyasət yeridir. O, həm Rusiya, Çin, Türkiyə ilə qarşılıqlı əlaqələrini inkişaf etdirir, həm Hindistan və Avropa İttifaqı ilə, eyni zamanda İsraillə münasibətlərini normallaşdırır. Türkiyə ilə bir ara gərgin olan münasibətləri normallaşdırır, bununla daha balanslı siyasət yeritməyə çalışır. Sadəcə ABŞ-dan asılı olmaq istəmir. Aydın məsələdir ki, bu məsələdə ABŞ kifayət qədər qısqanc yanaşacaq və bütün mümkün hallarla Çinin Cənub-Qərbi Asiyada mövqeyinin güclənməsinə imkan verməyəcək”.

Gülnar Səlimova
Globalinfo.az