Münhen Təhlükəsizlik Konfransının əsas gündəmi Ukrayna olaraq qalmaqdadır. Belə ki, Rusiyanın Ukraynada yeni hücum əməliyyatlarına başlamaq istəyi xüsusilə Qərb ölkələrində narahatlığı artırır. Bununla belə konfransa qatılan bir sıra liderlər isə Moskvanın yeni hücum planının effekt verməyəcəyini düşünürlər. Məhz belə yanaşmaların mövcudluğu Münhen Təhlükəsizlik Konfransında iştirak edən Qərb ölkələri arasında fikir ayrılıqlarını açıq şəkildə ortaya qoyur.
Xüsusilə Şərqi Avropa ölkələri sərt üslubdan istifadə edirlər ki, bu da həmin dövlətlərin yenidən keçmişə qayıtmaq istəməməsi ilə əlaqələndirilir. Xüsusilə konfransa qatılan Polşa siyasi elitasının nümayəndələri Avropanın İkinci Dünya müharibəsi ərəfəsində etdiyi yeni Münhen xəyanətinə ehtiyacın olmamasına eyham vurublar. Digər tərəfdən isə Şərqi Avropa dövlətlərini ən çox qorxudan Qərbi Avropa ölkələrinin onlardan xəbərsiz Moskva ilə separat danışıqlara gedəcəyidir ki, bu da onların maraqlarını birbaşa təhdid altında qoyacaq. 30 ildən çoxdur Rusiya təhdidi altında yaşayan dövlətlər Ukrayna savaşı sayəsində bu problemi birdəfəlik həll etməyi planlaşdırırlar. Buna AB-nin lokomotivi sayılan Berlin və Parisdə heç də xoş münasibət bəslənilmir. Bunun əksinə olaraq Münhen Təhlükəsizlik Konfransına qatılan Britaniya və ABŞ rəsmiləri isə verdikləri bəyanatlarla Moskvaya qarşı mübarizədə yanlarında olduqlarını bəyan ediblər.
Globalinfo.az xəbər verir ki, konfransda çıxış edən Britaniya müdafiə naziri Ben Uolles Rusiyanın Ukraynada hücumlarını dayandırmaq niyyətinin olmadığını açıqlayıb. Bununla belə Uollesə görə, Rusiyanın Ukraynada böyük hücumu başlatması ilə bağlı hələlik heç bir işartının olmadığını deyib.
Uollesinin çıxışının qarşılığında isə dünən konfransa çıxış edən Fransa Prezidenti Emmanuel Makron təzadlı fikirləri ilə yadda qalıb. Makron çıxışı zamanı Fransanın Ukraynanın yanında olduğunu və Kiyevi sona qədər müdafiə edəcəklərini deyib. Üstəlik, o hazırda Rusiya ilə danışıqların indi tərəfdarı olmadığını söyləyərək, Rusiyanın böyük hücum hazırlığında olmasına eyham vurub. Bununla belə Makron çıxışının sonlarında yenidən əvvəlki mövqeyində nümayiş etdirib. Fransız lider Rusiya ilə istənilən halda dialoqun vacib olduğunu deyərək, Avropanın yeni təhlükəsizlik arxitekturasında Moskvaya ehtiyacın olduğunu bildirərək, əslində Parisin Ukraynada döyüşləri indi dayandırmasıyla bağlı savaşın əvvəlindən olan mövqeyinə sadiq qaldığına işarə vurub.
AB zonasında Ukrayna savaşından istifadə edərək, ABŞ-nın hərbi mövcudluğunu artırmasını istəməyən Makronun mövqeyi müəyyən mənada başa düşüləndir. Digər tərəfdən Paris vəziyyətin belə davamının onun AB-ni geosiyasi mərkəzə çevirmək planlarını da puç edir ki, bu da AB-nin özünün perspektivini təhdid altında qoyur. Bu isə öz növbəsində Qərbdə Ukrayna savaşı ilə bağlı hələ də ortaq mövqe olmadığını nümayiş etdirir.
Fransadan fərqli olaraq ABŞ hələlik proseslərin gedişindən məmnundur. Şərqi Avropadakı toqquşma zolağını MDB zonasına daşımağı bacaran Vaşinqton Ukrayna savaşı fonunda fəaliyyətlərini heç də dayandırmaq istəmədiyini nümayiş etdirir. Dünən Viktoriya Nuland vasitəsilə Ukraynanın Krıma zərbə endirməsinə yaşıl işıq yandıran Vaşinqton xüsusilə Moldova ilə bağlı aktivliyini pik həddə çatdırıb.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə görüşən Blinken Rusiyanın Kişinyovdakı sui-qəsd planlarından narahat olduğunu bildirib:
“Moldova özü istəmədən xaricdən gələn ideal tufan situasiyasına düşüb ki, bu da ölkənin daxilindəki situasiyaya böyük təsir göstərib. ABŞ əvvəlki kimi Moldovanın enerji tədarükünün diversifikasiyası səylərini qətiyyətlə dəstəkləyir”.
Bununla belə Avropaya gələn Blinken Ukrayna böhranı ətrafında yaranan kritik mərhələni tam nəzarətdə saxlamaqda maraqlıdır. Bu gün G7-nin XİN başçıları ilə görüşəcək ABŞ dövlət katibi həmçinin Ukrayna XİN rəhbəri Dmitri Kuleb ilə görüşü planlaşdırır. Maraqlı məqam isə Münhendən sonra Blinkenin savaşda mühüm rol oynayan Türkiyəyə səfər edəcəyidir. Blinkenin burada Ankaraya nə təklif edəcəyi isə nə rəsmilər, nə də mətbuat tərəfindən açıqlanmır.
Bununla belə Avropaya gələn Blinkenin Qərb birliyi daxilində yaranan narazılığı da həll etməyə çalışacağı gözlənilir. Lakin onun bu istiqamətdə uğur qazanmaq ehtimalları hələlik bir sıra ekspertlər tərəfindən aşağı olaraq qiymətləndirilir. Bununla belə NATO baş katibi Yens Stoltenberqin baş verənlər fonunda konfransda etdiyi çıxış isə çatların əslində hansı səviyyədə olduğunu nümayiş etdirir:
“Əgər Rusiya Ukraynada qələbə qazansa, bu təkcə ukraynalılar üçün yox, hamımız üçün təhlükəli olacaq. NATO-suz Avropada təhlükəsizlik yoxdur. Avropada təhlükəsizliyin təmini və sülhü saxlamağın yeganə yolu Şimali Amerikanın Avropanı dəstəkləməsidir”.
Bu isə artıq AB-də ABŞ-nın mövcudluğu ilə bağlı narazılığın hələlik bitmədiyini nümayiş etdirir.
İlkin Həsənov














