WhatsApp Image 2023 11 17 at 16.53.18

“Ukrayna müharibədən əvvəl öz ərazilərini müdafiə edəcəyinə, Rusiyanın nəzarəti altındakı torpaqlarını geri qaytaracağına inanırdı. Lakin lazımi qədər hərbi dəstək verilməməsi münaqişəni uzadır və rəqibə üstünlük qazandırır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Elmir Səftərov Ukrayna münaqişəsinin son durumu və Kiyevə dəstəklə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda döyüş meydanında görünən problemlərdən biri artilleriya mərmiləri ilə bağlıdır:

“Ukrayna yaydakı döyüşlərdə ruslardan daha çox atəş dəstəyinə və hücum potensialına sahib idisə, mərmilərin azalması səbəbindən vəziyyət dəyişdi. Mərmi azlığına görə Ukrayna atəş üstünlüyünü itirib. Qərb ölkələri anlayır ki, mərmi çatışmazlığı Rusiyaya üstünlük qazandırır. Qərb və ABŞ Kiyevi hərbi sursatla təmin etsə də, bu, kifayət etmir”.

Elmir Səftərov

Elmir Səftərov

Politoloq bildirib ki, Ukraynanın daha müasir və yüksək göstəricilərə malik haubitsaları və hədəfi dəqiq təyin edən texnikaları onun qüvvələrinin Rusiya qarşısında üstünlüyünü artırsa da, bu, çatışmazlığı tamamilə aradan qaldıra bilməz:

“Bu da Ukraynanın strateji müdafiə mövqeyini qorumasına və əks-hücumda effektivliyinə mənfi təsir edir. Bütün çatışmazlıq və yetərsizliyə baxmayaraq, Kiyevin müttəfiqləri dəstəyi davam etdirəcəklər. Çünki Avropa İttifaqının, ABŞ-ın mövqelərinin Moldova və Ukraynada zəifləməsi yolverilməzdir. Problemin hazırkı mürəkkəb geosiyasi zamanda müharibə ilə həlli ehtimalı azdır, amma tərəflər kompromisə getməkdən imtina edirlər. Təbii ki, məsələdə Ukrayna təkbaşına qərar vermir. Müharibənin davam etməsi Qərbin və ABŞ-ın maraq dairəsindədir. Cari il ərzində savaşlar müəyyən fasilələrlə dayandırıla bilər. Amma müharibənin taleyini Ukrayna və Rusiyadan çox, Avropa və ABŞ qərargahından verilən qərarlar müəyyən edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: