Müharibənin əsasını bu şəxs qoyub: 2008-ci ilin aprelində nə baş vermişdi? – Sabiq nazirdən sensasiya

Ukrayna ilə bağlı bu günlərdə baş tutan bir neçə beynəlxalq toplantı bu ölkəni xilas etməyə, müharibəni dayandırmağa kömək edəcəkmi?

50 ölkə Ukraynanın müdafiəsinə imza atıb, G7 sammitində Kiyevə yardımla bağlı qərarlar verilib. Bütün bunlara Rusiyanın reaksiyası necədir?

Qərb Rusiyanı bu şəkildə – toplantılarla, kağız üzərində olan qərarlarla neytrallaşdıra, hətta məğlub edə bilərmi?

Müharibə davam edəcək, yoxsa yekunlaşmağa doğru gedir?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, bu müharibəni uzun illər yetişdirən ABŞ oldu.

Onun sözlərinə görə, rəsmi Kiyevin antirus əhvali-ruhiyyəsindən məharətlə yararlanan ABŞ Ukraynanı çox böyük siyasi ustalıqla bu müharibəyə hazırladı:

“ABŞ-ın bu müharibədə məqsədi nə Rusiya, nə də Ukraynanın məğlub olmasıdır. Mövcud müharibə Rusiyanı və Ukraynanı yetərincə zəiflədib özündən asılı vəziyyətə salmaq üçün qurulmuş bir oyundur. Bu müharibədə Birləşmiş Ştatların bir başqa hədəfi də özünün həm müttəfiqi, həm də rəqibi olan Avropa Birliyini (Aİ) Rusiya ilə üz-üzə qoymaqla zəiflətməkdir. İndiyə qədər ABŞ-ın qurduğu oyun onun müəyyən etdiyi ssenari üzrə uğurla reallaşdırılır. Rusiya tədricən zəifləyir, sıxıntılar keçirir, Ukraynanın yaşayış məntəqələri və kommunikasiyaları yerlə yeksan olur, insan resursları tükənir, Avropa isə Ukraynaya yardım etməklə bağlı iki cəbhəyə bölünüb və ciddi enerji böhranının, böyük miqrant axınının qarşısında inildəyir”.

F.Yusifov öncə bu müharibəni körükləyən hadisələrin başvermə tarixlərinə diqqət etməyi təklif edib:

“2008-ci ilin aprel ayının 2-4-də Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO-nun 20-ci sammiti keçirilir və bu sammitdə ABŞ prezidenti Corc Buş NATO həmkarlarına ciddi təzyiq göstərərək onlardan Gürcüstan və Ukraynanı NATO-ya qəbul olunmağa dəvət etmək ideyasını dəstəkləmələrini təkidlə tələb edir. Lakin onun təklifi keçmir.

Саммит НАТО в Бухаресте (2008) — Википедия

2-4 aprel 2008-ci il. Buxarestdə NATO-nun 20-ci sammiti keçirilib.

Buşun təklifi qəbul olunmasa da, NATO-nun üzv ölkələri bu qurumun aparıcı dövlətinə hörmət əlaməti olaraq Sammitin yekun sənədində gələcəkdə Gürcüstan və Ukraynanın NATO-ya üzv qəbul edilməsinə dair bulanıq bir maddə salınmasına etiraz etmirlər. O vaxtlar Birləşmiş Ştatların Moskvada səfiri olmuş və hazırda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışan Uilyam Börns həmin vaxt bununla bağlı Xarici İşlər Nazirliyinə teleqram göndərərək ABŞ hökumətini xəbərdar etmiş və bildirmişdi ki, bu addım Rusiyaya Krıma və Ukraynanın şərqinə hərbi müdaxilə etmək üçün əsas verə bilər. Şübhə yoxdur ki, Putin NATO-nun bu addımına kəskin bir formada cavab verəcək. Peşəkar diplomat haqlı idi. Rusiya Qərbin bu addımına ilk cavabı Gürcüstanda verdi. NATO-nun Buxarest Sammitindən sonra Qərbin təhriki ilə Gürcüstan 7-8 avqust 2008-ci il tarixdə Cənubi Osetiyaya hücum etdi. Buna cavab olaraq Rusiya 8 avqustda konflikt zonasına hərbi qüvvələrini yeritdi və əgər Qərbin ciddi müdaxiləsi olmasaydı, rus qoşunları bir neçə saat ərzində Gürcüstanın paytaxtını işğal edib, Saakaşvili hakimiyyətini devirə bilərdi. Baxın, NATO-nun Buxarest Sammitinin keçirildiyi vaxtdan cəmi 4 ay sonra Gürcüstan Cənubi Osetiyaya hücum edir və ağır məğlubiyyətə düçar olur. Gürcüstanda baş vermiş hadisələrdən fərqli olaraq ABŞ Ukraynada daha çox iş görməli oldu və nəhayət, Rusiya Ukrayna münaqişəsində əsas dönüşə 2014-cü ildə nail ola bildi”.

ABŞ-ın Kiyevdə təşkil etdiyi dövlət çevrilişindən sonra Rusiya ilə Ukrayna arasında gərginliyin artmağa başladığını deyən Fikrət Yusifov bu çevrilişin Donbasda vətəndaş qarşıdurmasına və rusdilli əhalinin hüquqlarının pozulmasına gətirib çıxartdığını bildirib:

“Getdikcə böyüyən münaqişə və Qərbin körüklədiyi gərginlik sonda Rusiya ilə Ukrayna arasında hərbi münaqişəyə çevrildi. Rusiya 2022-ci ilin fevral ayının 24-də Ukraynaya qarşı müharibəyə başladı. ABŞ, nəhayət, istədiyinə nail oldu. Bu günə qədər də Birləşmiş Ştatlar hərbi toqquşmanın qarşısını almaq əvəzinə onu daha da alovlandırmaq yolunu davam etdirir. Əslində, müharibə başladığı tarixdən bir ay sonra – yəni mart ayının sonlarında yekunlaşa bilərdi. 2022-ci ilin mart ayının sonlarında İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya hər iki tərəfi qane edən razılığa gəlmişdilər. Razılaşmaya görə Ukrayna NATO-ya üzvlükdən imtina edib, neytral status qəbul etməli, Rusiya isə bunun əvəzində öz qoşunlarını müharibə başlayan günə qədər mövcud olmuş sərhədlərə qədər geri çəkməli idi. Lakin Qərbin və ilk növbədə ABŞ-ın təzyiqi ilə Ukrayna bu sənədi imzalamaqdan imtina etdi”.

Fikrət Yusifov

Sabiq nazirin dediklərinə görə, bu müharibə böyük güclərin qlobal siyasi oyunlarının bir fraqmentidir:

“Bu oyunları oynayanlar üçün nə Ukraynanın, nə də Rusiyanın istəklərinin heç bir əhəmiyyəti yoxdur. Rusiya – Ukrayna müharibəsinin nə vaxt bitiriləcəyini də onu başladanlar bilirlər. Rusiyaya onminlərlə sanksiyalar tətbiq edən ABŞ və onun Avropa müttəfiqləri iki il dörd aya yaxındır ki, Rusiyanı müəyyən qədər zəiflətməyə nail olsalar da, əslində, bu sanksiyalar fonunda Rusiya iqtisadiyyatı və onun ayrılmaz hissəsi olan hərbi sənaye, müharibəyə qədər olduğundan daha üstün inkişaf edir. Bu necə ola bilər? Bu sualın cavabı çox sadədir. Rusiyaya sanksiya tətbiq edən Qərbin iri kompaniyaları arxa qapıdan Rusiya ilə daha güzəştli şərtlərlə və deməli, daha maraqlı bir şəkildə iş birliyindədilər”.

Fikrət Yusifov deyib ki, Ukraynanı bu hala salan, bu ağılsız müharibəyə gətirib çıxarmış keçmiş prezidenti Petro Poroşenko və indiki prezident Volodimir Zelenski kimi siyasi savadsızlar oldu:

“Ukrayna müharibə başlayanda artıq onu uduzmuşdu – bunu sadəcə vaxtında görmək və onun baş verməməsi üçün bütün səyləri bir araya gətirmək lazım idi. Ukraynanı bu bəladan xilas etmək üçün indi təşkil edilən “sülh tədbirləri” isə artıq yüksək sürətlə irəliləyən qatara minmək üçün onun arxasınca qaçmaq kimi mənasız bir işdir. Müharibə onu başladanlar məsləhət bildikləri vaxt bitəcək. Bu vaxtın isə işıq ucu hələ ki, görünmür”.

Zaira Akifqızı
Globalinfo.az