Son günlər Ermənistan-Azərbaycan şərti dövlət sərhədində ermənilərin səngərlər qazması, hərbi texnika və canlı qüvvə cəlb etməsi müşahidə edilir. Paralel olaraq Ermənistan həm Naxçıvan sərhədində, həm də şərti dövlət sərhədinin müxtəlif nöqtələrində diversiya hücumları etməyə cəhd göstərir.
Ermənistan tərəfindən bütün bu hazırlıqlar və təxribat cəhdləri ondan xəbər verir ki, rəsmi İrəvan genişmiqyaslı hərbi təxribatlara hazırlaşır. Təsadüfi deyil ki, sentyabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov mövcud vəziyyət ilə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirdi.
Brifinqdə Ermənistan tərəfinin atacağı bütün provokativ təxribatçı addımların cavabının veriləcəyi bir daha açıqlandı.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan müharibə yox, sülh istəyir:
Hikmət Babaoğlu
“Lakin son günlər həm iki ölkənin şərti dövlət sərhədində Ermənistan ordusunun, həm də Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında separatçıların ardıcıl təxribatları ondan xəbər verir ki, Azərbaycandan fərqli olaraq Ermənistan sülh yox, müharibə istəyir.
Şübhəsiz ki, Ermənistan müharibə etmək istəyirsə buna nail olacaq. Lakin Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün gücü yetərincə deyil. Xüsusilə canlı qüvvə baxımından iki ölkə orduları arasındakı balans kəskin fərqlənir. Müqayisə üçün deyim ki, Ermənistan ərazisində olan 5 hərbi korpusun ümumi şəxsi heyət sayı Azərbaycanın bir hərbi korpusunun şəxsi heyət sayından azdır.
Belə olan halda sual yaranır: Ermənistan nəyə və ya kimlərə arxayın olub Azərbaycan ilə müharibə aparmaq istəyir?
Aydın məsələdir ki, rəsmi İrəvan təkbaşına belə bir işə cəhd edə bilməz. Arxasında mütləq şəkildə güclər var. Hesab edirəm Ermənistan təkbaşına müharibə edəcəksə o zaman narahat olmağa dəyməz. Lakin Ermənistana ehtimal müharibə zamanı kənar qüvvələr kömək edərsə bu zaman gərginlik böyüyə bilər.
Ermənistanın niyyəti indiki məqamda regiona həmin kənar gücləri cəlb edib Azərbaycana qarşı beynəlxalq koalisiya formalaşdırmaqdır. Bu, rəsmi İrəvanın uzun müddətdir nail olmağa çalışdığı bir hədəfdir.
Bütün hallarda hesab edirəm, ordumuz bu gün düşmənin bütün təxribatlarına cavab vermək gücünə və qüdrətinə sahibdir. Regionda yeni bir müharibə olacaqsa bundan zərər görən yenə Ermənistan olacaq”.
Turan Rzayev
Globalinfo.az














