Müharibə uzanır: Ukraynanı Almaniyanın taleyi gözləyir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrel Kiyevdə brifinq zamanı deyib ki, Avropa İttifaqı müdafiə sənayesi kompleksinin imkanları 40 faiz artıb.

“İlin sonunadək Ukraynaya lazım olan bir milyon 155 min döyüş sursatı veriləcək”, – o bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova qeyd edib ki, Avropa İttifaqı və ABŞ oyun oynayır:

Ramiyə Məmmədova

“Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyevin irəliləyiş əldə etməməsi ABŞ-ın məğlubiyyətinin göstəricisidir. Avropa İttifaqı da rəsmi Vaşinqtonun göstərişi ilə işləyir. Birləşmiş Ştatlar hazırda seçki ərəfəsində olduğu üçün Ukraynaya yardım etməkdə maraqlı deyil. Donald Tramp seçki öncəsi danışıqlarında da bu nüanslara toxunur”.

Politoloqun fikrincə, Ukrayna bu müharibədə bitmiş haldadır:

“Ukrayna verilən cüzi yardımlar çərçivəsində müharibəni aparır. Rəsmi Kiyevə müharibədən sonra böyük borc qalacaq. Bir növ İkinci dünya müharibəsindən sonra Almaniyanın üzləşdiyi vəziyyətə düşəcək. Rusiyanın çox böyük qaynaqları var. Gələcəkdə Avropa İttifaqı dövlətlərinə qarşı əlindəki rıçarqlardan istifadə edəcək”.

Safura Bənnayeva
Globalinfo.az