Dekabrın 12-də Şuşa-Xankəndi yolundakı aksiya başlayandan bəri Qarabağ prosesləri yeni istiqamət alıb. QHT-lərin və eko-fəallarin Şuşa-Xankəndi yolundakı aksiyası başlayandan ritorika dəyişib. Anti-terror əməliyyatları haqda danışılmır. Azərbaycan Ermənistanla müharibə ritorikasını humanitar fəaliyyətlərlə əvəzləyib.
Bu, artıq yeni mərhələ, təzə səhifədir. Azərbaycan torpaqları müharibəsiz, qansız almaq istiqamətində fəaliyyətə başlayıb.
Mövzunu Globalinfo.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının dekabr ayının 12-dən bəri davam etdirdikləri aksiyalar erməni icmasının yaşadığı ərazilərimizdə də Azərbaycan qanunlarının tətbiq edilməsi üçün tamamilə yeni bir mərhələ yaratmış oldu:
“Eko-fəlların bu sivil və demokratik təşkilatlanması əslində təkcə azərbaycanlıların deyil, Xankəndində və digər ərazilərimizdə yaşayan ermənilərin maraqları baxımından da tamamilə başadüşüləndir. Çünki ətraf mühitin korlanması o mühitdə yaşayan hər kəsin sağlam ekoloji mühitdə yaşamaq hüququnu məhdudlaşdırır”.
Deputatın sözlərinə görə, bu prosesdə ortaya çıxan başqa bir mühüm məsələ isə ondan ibarətdir ki, QHT-lərin demokratik aksiyası cəmiyyətimizin ictimai rəyindən Qarabağda anti-terror əməliyyatının keçirilməsinin zəruriliyi ilə bağlı sərt ritorikanı gündəmdən çıxardı, bu isə sülh üçün yeni perspektivlər yaradır.
“Baş verənlər onu göstərir ki, məqsədlərə çatmanın yolu təkcə qaba güc tətbiq etməklə deyil, həm də sivil yollarla mümkündür. Ona görə də 10 gün davam edən etiraz aksiyalarının yaratdığı gerçəklik sülhə gedən yolda tamamilə yeni bir səhifə açmış oldu”.
H.Babaoğlunun fikrincə, bu mərhələ özlüyündə bir fürsət yaradır və irəliyə doğru daha bir addım atmaq üçün bu fürsətdən istifadə etmək lazımdır:
“Çünki regionda qalıcı və davamlı sülhün olmaması üçün əlindən gələn hər şeyi etmək istəyən güclər var. Müharibə isə heç kəsə xoşbəxtlik gətirmir”.
Politoloq Vüqar Zifəroğlu isə bildirib ki, vətəndaş cəmiyyətinin təmsilçiləri, eləcə də aksiyaya qatılan fəallar tam haqlı olaraq Rusiya “sülh məramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər:
“Əsas tələblərdən biri də həmin yataqlarda monitorinq aparılmasına şərait yaratmalı olduğu halda, mane olan “sülhməramlı”ların komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsidir. Aksiyanın əsas şüarı da “ekoloji terrora son!” tələbədir. Lakin hələlik rus generalı aksiya iştirakçıları ilə görüşməkdən, tələbləri dinləməkdən imtina edir.
İstər aksiya iştirakçıların sayının artması, istərsə də müşahidə edilən böyük ruh yüksəkliyi deməyə əsas verir ki, aksiya tələblər yerinə yetirilənə qədər davam edəcək”.
Politoloq qeyd edib ki, bu aksiyanı keçirməkdə məqsəd Azərbaycanın uzun illər işğal altında qalmış ərazilərində törədilmiş miqyası olduqca böyük və hərtərəfli olan ekoloji terrora beynəlxalq ictimaiyyətin diqqətini çəkməkdir:
“Bu eyni zamanda məqsəd vətəndaş cəmiyyətinin nümayəndələrinin, mediamızın, ümumiyyətlə xalqımızın hal-hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə baş alıb gedən qanunsuz fəaliyyətlərə də “dur” deməsidir. Və heç şübhəsiz ki, bu zaman bizim hər birimizin güvəndiyimiz əsas istinad nöqtələri də dövlətimiz və ordumuzdur”.
Gülnar Səlimova