Müharibə daha 5 il uzana bilər: 100 milyard dollar ayrılır!

Müharibə daha 5 il uzana bilər: 100 milyard dollar ayrılır!

NATO Ukraynaya uzunmüddətli hərbi dəstək üçün fond yaratmaq istəyir. Macarıstan hökuməti bu məbləğin 100 milyard avroya yaxın olduğunu açıqlayıb.

Hökumətin məlumatında deyilir ki, “Gördüklərimiz ən pis ssenaridir, çünki bu, dünya müharibəsinə səbəb ola bilər. Lakin hökumətin mövqeyi aydındır: biz müharibədən kənarda qalmaq istəyirik. NATO-nun bu missiyasında iştirak etmək istəmirik. Silah və əsgər göndərməmək üçün mümkün olan hər şeyi edəcəyik”.

Xatırladaq ki, ötən ay NATO Baş katibi Yens Stoltenberqin təklifi ilə 100 milyard avro dəyərində fond yaratmaqla quruma üzv ölkələr Ukraynaya uzunmüddətli hərbi dəstək planlaşdırmağa başlamağa razılaşıblar.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynadakı müharibə faktiki olaraq dalana dirənib.

“Rəsmi Moskva da, Kiyev də artıq uduzub. Qərb, xüsusilə ABŞ hər iki dövləti idarə edir. Müharibə ABŞ nə vaxt istəsə, icazə versə, onda da bitəcək.

Görünən odur ki, Qərb hələ ki, müharibənin bitməsini istəmir. Ukraynaya verilən dəstək sadəcə müqavimət üçündür. Bu, Kiyevin qələbəsinə yox, müharibənin uzanmasına töhfə verir.

Qərb Ukraynanın tam əldən düşməsini gözləyir, sonra yardımı bərpa edir. Bu, ədalətli deyil. Əgər Qərb, o cümlədən NATO Ukraynanı düşünsə idi, başqa cür davranmazdı. Və ümumiyyətlə, belə bir müharibənin başlanmasına icazə verməzdi.

Ayrı-ayrı bəyanatlar onu deməyə əsas verir ki, müharibə 2025-ci ildə də davam edəcək. Qərb buna hazırdır. Müharibənin iddia olunan vaxtdan tez bitməsi və Qərbin oyununun pozulması üçün ən ağlabatan versiya hər iki ölkədə qəfil baş verə biləcək hakimiyyət dəyişikliyidir. Hərçənd bu da real görünmür”.

Turan Rzayev
Globalinfo.az