“İdrak” liseyində şagirdin evdən silah götürərək tədris müəssisəsinə gətirməsi və müəllimə atəş açması ölkədə ciddi narahatlığa səbəb olub. Baş verən hadisə ilə bağlı ictimaiyyətdə müxtəlif müzakirələr gedir və bir çox valideyn silahın evdə açıq şəkildə saxlanılmasını əsas problem kimi göstərir.
Bəs ov silahı necə əldə edilir? Hansı şəraitdə saxlanılmalıdır? Kimlər ov silahı ala bilər?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, odlu silah əldə etmək üçün minimum yaş həddi 21-dir:
“Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Yəni vətəndaş yaşadığı ərazi üzrə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur”.
Asim Abbasov
Vəkil bildirib ki, idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir:
“Vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların istifadəsində azı 5 il müddətində yivsiz ov silahı olsun. Bundan başqa, mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazə almadan soyuq ov silahını əldə edə bilər. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu, eyni zamanda onun özünümüdafiə silahının saxlanılması və gəzdirilməsi üçün icazəsi sayılır”.
Asim Abbasovun sözlərinə görə, mülki silahın bir şəxsin adından digər şəxsin adına qeydiyyatının dəyişdirilməsinə yol verilir:
“Belə halda silahı verən və alan şəxslərin iştirakı ilə müvafiq ərizələr təqdim edilir. Odlu silahın yararsız vəziyyətdə olduğu (təmiri mümkün olmadıqda) aşkar edilərsə, onun qeydiyyatı dəyişdirilə bilməz. Belə silahlar polis orqanına ödənişsiz təhvil verilir və uçotdan çıxarılır. Bəzi hallarda vətəndaşa mülki silah əldə etməsinə xüsusi icazə verilməsindən imtina edilir: Mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla, yeddi ədəddən çox odlu ov və ya idman silahı olduqda; Alkoqolizm, narkomaniya, ruhi xəstəlik və ya görmə qabiliyyətinin pozulması ilə bağlı tibbi əks-göstəriş olduqda; Ağır cinayətlərə görə, həmçinin silah, sursat və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda; Ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya sursatdan istifadə etməklə törədilmiş digər xətalara görə inzibati tənbeh tətbiq edildikdə (tənbeh tətbiq edildikdən sonra 1 il müddətində); Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda; Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqləndikdə; Silahla təhlükəsiz davranma qaydalarını bilmədiyi müəyyən edildikdə; Yaşayış yeri müəyyən olunmadıqda”.
Zaira Akifqızı
Globalinfo.az