Xankəndidə qəribə proseslər: Türkiyə müdaxilə edə bilər

Ermənilər Rusiya Qırmızı Xaç Komitəsinin xətti ilə Xankəndiyə göndərilən yükləri buraxmırlar. Bildirirlər ki, həmin yüklər Laçın yolundan keçməklə Xankəndiyə daxil ola bilər.

Maraqlıdır, ermənilərin bu israrı öz iradələridir, yoxsa onlara “güc” və fitnə verənlərin?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Rusiya Qırmızı Xaç Komitəsinin xətti ilə Xankəndiyə göndərilən yüklər separatçı rejimin tör-töküntüləri və onların havadarlarının diktəsi ilə əraziyə buraxılmır:

“Separatçılar anlayırlar ki, alternativ yoldan təchizatın gətirilməsi perspektivdə Laçın yolunun tamamilə bağlanmasını və Xankəndidə Azərbaycan bayrağının dalğalanmasını ehtiva edəcək. Müvafiq vəziyyətin yetişməsini əslində Rusiya da istəmir, çünki bu halda rus sülhməramlı qüvvələrinin bölgədə varlığına ehtiyac qalmır. Nəticədə 2025-ci ildən daha tez bölgəni tərk etmək tələbi ilə üz-üzə qala bilərlər.

Züriyə Qarayeva

İrəvan isə hər nə qədər Makronun təlimatlarını yerinə yetirmək məcburiyyətində olsa da, separatizm yükündən qurtulmaqda maraqlıdır. Bu, Rusiya orbitindən kənarlaşmağa, iqtisadiyyatın dirçəlməsinə və Türkiyə ilə sərhədlərin açılmasına gətirib çıxaracaq. Qondarma “seçkilər”də Samvel Babayanın namizədliyinin irəli sürülməsi təsadüfi deyildi. Paşinyana loyal olan şəxs Ağdam-Xankəndi yolunun açılmasından yanadırsa, bu, İrəvanın ritorikasını da ifadə etmiş olur. Bu durumda bizim qarşımızda əsas əngəl Rusiyadır. Fransanın proseslərə müdaxilə imkanları yox səviyyəsindədir. Rusiya isə “hakimiyyətə” gətirdiyi Şahramanyan vasitəsilə prosesləri çıxılmaza sala bilər.

Araik Arutunyan paralel olaraq həm də İrəvandan gələn təlimatlara əməl etdiyi üçün Moskva Vardanyan kimi fiqurlar hazırlamaq məcburiyyətində qalırdı. İndi isə birbaşa “rəhbər” şəxslərin ssenarisini işə salacaq. Bu durumda Türkiyənin proseslərə müdaxiləsi labüdləşəcək”.

Turan Rzayev
Globalinfo.az