Azərbaycan Ordusu Xankəndiyə girəcək: Rusiya isə həmin an… – Politoloqdan həyəcan

“Hazırda Rusiya və Azərbaycan arasında son 10 ildə ən ciddi böhran yaşanır”.

Globalinfo.az xəbər verir ki, bunu “Kommersant” qəzetinin beynəlxalq içmalçısı, politoloq Maksim Yusin deyib.

O bildirib ki, Cənubi Qafqaz dramatik hadisələrin astanasında ola bilər:

“Rusiya və Azərbaycan XİN-lərinin bəyanatlarından sonra bunu aydın şəkildə görmək mümkündür. Rusiya XİN Qarabağdakı ermənilərin “humanitar böhran” yaşadığını bildirib, Azərbaycan XİN isə Kremlin mövqeyini “qəbuledilməz” adlandırıb.

Bakının bəyanatında ən maraqlı hissə erməni silahlı birləşmələrinin Qarabağdan hələ çıxarılmadığının, Rusiyanın sülhməramlı kontingentinin onlara dəstək verdiyinin qeyd edilməsidir. Bir sözlə, Bakı birbaşa Moskvanı 2020-ci ildə əldə edilmiş razılaşmanın bəndlərini icra etməkdə aciz qalmaq və yerinə yetirmək istəməməkdə ittiham edir. Bununla Qarabağdakı silahlı birləşməni tamamilə çıxarmaq məqsədini bir daha təsdiqləyir”.

M.Yusin Azərbaycanın Qarabağda əməliyyatlara hazırlaşdığını və bunun qarşısını heç kimin ala biləcəyini deyib:

“Bakının getdikcə daha qətiyyətli hal alan bəyanatlarından görünür ki, Azərbaycan erməni silahlılarını Qarabağdan çıxarmaq üçün təyin edilən 5 il müddəti gözləməyəcək. Sülhməramlı kontingent artıq Bakıda bitərəf qüvvə kimi qəbul edilmir. Bu isə o deməkdir ki, Azərbaycan Ordusunun Xankəndi və ətraf əraziləri təmizləməsinə heç nə mane olmayacaq. Nikol Paşinyan hakimiyyəti də buna müdaxilə etməyəcək. Etsə belə, güc üstünlüyü açıq şəkildə Bakıdadır. Azərbaycana mane ola biləcək yeganə şey iqtisadi sanksiyalardır ki, Qərb Bakının qazını Rusiya qazına alternativ kimi qəbul etdiyi üçün ona qarşı addım atmaqdan çəkinəcək.

Kremlə gəlincə isə görünür ki, Bakı Moskvanın reaksiyasından qorxmur. Onlar hesab edirlər ki, Rusiya Ukraynada dərin bataqlığa düşüb və Cənubi Qafqazda başqa cəbhə açmaq gücündə deyil”.

Ayşən Mustafa
Globalinfo.az