“Hindistanın xarici işlər naziri Subrahmanyam Ceyşankar 23-24 avqustda Moskvada səfərdə olub. Hindli nazir Moskvada hökumətlərarası komissiyasının iclasında iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Subrahmanyam Ceyşankarı qəbul edib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Hindistanın xarici işlər nazirinin Moskvaya budəfəki səfəri Yeni Dehlinin Vaşinqtonla Moskva arasında balansı qorumağa çalışması baxımından diqqət çəkir:
“Məsələ burasındadır ki, Vaşinqton Yeni Dehli ilə Moskva arasında sıx əlaqələrin əleyhinədir. Vaşinqtonun təzyiqinə baxmayaraq, Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir, əksinə, iki ölkə arasında ticarət əlaqələrinin həcmi artıb. Doğrudur, Rusiya Prezidenti Vladimir Putin Subrahmanyam Ceyşankarla söhbətində ticarət tərəfdaşlığının həcminin bir qədər azaldığını etiraf etsə də, Rusiya prezidenti builki göstəricilərdən məmnun qaldığını söyləyib. Putin buna görə Hindistanın Baş naziri Narendra Modiyə minnət olduğunu vurğulayıb. Görünür, Putin bununla demək istəyib ki, Modi Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya ilə ticarət əlaqələrinin artmasında maraqlı olub.

Elxan Şahinoğlu
Hindistan Rusiyadann neft alışının həcmini artırıb. Bunun iki səbəbi var. Birinci, səbəb Hörmüz boğazımda yaranan gərgin vəziyyətlə əlaqəlidir. Hindistan ABŞ-İran müharibəsindən əvvəl neftə olan tələbatının əsas hissəsini Hörmüz boğazı üzərindən əldə edirdi. Hazırda bu, mümkün deyil. Ona görə Hindistan Rusiyadan neft alışını artırmaq məcburiyyətində qalıb. İkinci səbəb Rusiya neftinin qiymətlərinin Hindistan üçün münasib olmasıdır. Rusiya Qərbin sanksiyaları qarşılığında Hindistana nefti dünya bazar qiymətlərinə nisbətən ucuz satmağa üstünlük verir. Rusiyanın neft emalı zavodları Ukraynanın dron zərbələri altında olduğundan Moskva Hindistandan benzin alışını artırıb. Bu iki ölkə arasında ticarət həcminin artmasına şərait yaradır”.
Politoloq qeyd edib ki, Rusiya Hindistanla Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində də əməkdaşlığın inkişafında maraqldır:
“Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı bu ayın sonunda Qırğızıstanda keçiriləcək. BRİKS-in zirvə toplantısı isə sentyabr ayında Hindistanda baş tutacaq. Vladimir Putin hər iki sammitdə iştirak etməyi planlaşdırır. Halbuki Rusiya Prezidenti bundan əvvəlki sammitlərdə iştirakdan ehtiyat edirdi. Bu dəfə isə Putin Yeni Dehlidəki sammitdə iştiraka üstünlük verir. Təsadüfi deyil ki, Putin Hindistanın xarici işlər naziri ilə söhbətində yaxın zamanda Narendra Modi ilə görüşəcəyinə işarə edib”.
Turan Rzayev
Globalinfo.az