Moskva istəmişdi, Ankara önə çıxdı: Qarabağda mühüm yenilik – Bakı razılaşsa…

Moskva istəmişdi, Ankara önə çıxdı: Qarabağda mühüm yenilik - Bakı razılaşsa...

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün “APA”ya müsahibəsində ölkəsinin Qarabağda, xüsusilə də Şuşada konsulluq açmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ankara 2021-ci ildə bu məqsədlə Bakıya rəsmi müraciət edib. Lakin hələlik Şuşada heç bir ölkənin konsulluğu yoxdur.

Səfir bildirib ki, bu məsələ Azərbaycanın suveren hüquqları çərçivəsində veriləcək qərardan asılıdır. Bakı razılaşacağı təqdirdə Türkiyə Qarabağın istənilən şəhərində diplomatik nümayəndəlik açmağa hazırdır. Analitiklərin fikrincə, Şuşada konsulluğun açılması bölgənin post-münaqişə dövründəki bərpa, reinteqrasiya və investisiya axını baxımından da strateji əhəmiyyət kəsb edir.

Maraqlıdır ki, təxminən bir il öncə Rusiyanın Xankəndidə konsulluq açmaq istədiyinə dair məlumatlar yayılmış, lakin bu təşəbbüs ictimai və siyasi dairələrdə birmənalı qarşılanmamışdı.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra təkcə ərazi bütövlüyünü deyil, eyni zamanda beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan suveren mövqeyini də bərpa etmiş ölkədir:

“Qarabağın bütün şəhərlərində dövlət hakimiyyəti tam bərpa olunub, quruculuq inkişaf prosesi genişlənib. Şuşa isə həm mədəniyyət paytaxtı, həm də regional siyasi təşəbbüslərin mərkəzi kimi yeni bir status qazanıb. Belə bir şəraitdə Türkiyənin konsulluq açmaq istəyi qardaş ölkənin Azərbaycanın daxili suveren qərarına hörmətlə yanaşması ilə bərabər, həm də rəsmi Ankaranın dövlətimizə diplomatik və institusional dəstəyi kimi dəyərləndirilə bilər.

Konsulluğun açılması, ümumilikdə, bir neçə əsas zərurətdən qaynaqlanır. Əgər müəyyən bölgədə hər hansı bir ölkənin vətəndaşları, şirkətləri və ya qurumları fəaliyyət göstərirlərsə, orada konsulluğun açılması hüquqi, inzibati və digər xidmətlərin göstərilməsi üçün vacib sayılır. Bu baxımdan, Türkiyənin Qarabağda və Şərqi Zəngəzurda iştirak etdiyi layihələr, infrastruktur quruculuğunda, bərpa işlərindəki rolu və türk şirkətlərinin bu prosesdə aktiv fəaliyyəti konsulluğun açılmasına real əsas yaradır. Eyni zamanda, bölgəyə səfər edən Türkiyə vətəndaşlarının sayı, mədəni əlaqələrin genişlənməsi və əməkdaşlıq platformalarının yaradılması üçün diplomatik koordinasiya mexanizmi kimi konsulluq funksional əhəmiyyət daşıya bilər”.

Moskva istəmişdi, Ankara önə çıxdı: Qarabağda mühüm yenilik - Bakı razılaşsa...
Elçin Mirzəbəyli

Deputat vurğulayıb ki, Türkiyənin bu istiqamətdə atmaq istədiyi addım həm də strateji xarakter daşıyır:

“Regionun yeni təhlükəsizlik arxitekturasında Türkiyə-Azərbaycan əməkdaşlığı mühüm rol oynayır. Bu əməkdaşlığın təkcə iqtisadi-siyasi deyil, diplomatik komponentlərinin də təsdiqini tapması üçün konsulluq strukturunun mövcudluğu prinsipial əhəmiyyətə malikdir. Şuşada konsulluğun açılması, həm də revanşçı qruplara və onları yenidən hərəkətə gətirməyə cəhd göstərən neoimperialist dairələrə ünvanlanmış konkret bir mesaj ola bilər: Qarabağ artıq  regional inkişafın və əməkdaşlığın mərkəzinə çevrilən bir coğrafiyadır, burada Türkiyənin institusional varlığı, strateji müttəfiq kimi təbii hal sayılır.

Eyni zamanda, konsulluğun açılması mədəni və humanitar aspektlər baxımından da mühüm əhəmiyyət daşıyır. Şuşa artıq bir neçə beynəlxalq tədbirə – media forumlarına, musiqi festivallarına, konfranslara ev sahibliyi edib. Burada təhsil, mədəniyyət və diplomatik dairələr arasında əlaqələrin inkişafı üçün konsulluğun dəstəyi vacib ola bilər. Bu qurum mədəniyyət diplomatiyasının həyata keçirilməsi, birgə layihələrin təşkili, təhsil və mədəniyyət mübadiləsinin təşviqi baxımından da faydalı rol oynayar”.

E.Mirzəbəylinin sözlərinə görə, Şuşada və ya işğaldan azad olunmuş digər şəhərlərdə Türkiyə konsulluğunun açılması Azərbaycanın müstəqil xarici siyasətinin və suveren qərarvermə imkanlarının təzahürüdür.

“Bu qərar, istənilən formada, Azərbaycanın milli maraqları və regional baxışı çərçivəsində veriləcək. Türkiyə isə nəticəyə hörmətlə yanaşmaqla birlikdə, iki qardaş ölkənin regionun gələcəyi ilə bağlı ortaq maraqlarına sadiq qaldığını nümayiş etdirir.

Beləliklə, konsulluğun açılması təkcə diplomatik strukturun formalaşması deyil, həm də yeni siyasi düzənə, zəfərə, ədalətin bərqərar olmasına və müttəfiqlik münasibətlərinə söykənən reallığın institusional simvolu kimi qəbul oluna bilər. Bu isə təkcə Azərbaycan-Türkiyə münasibətlərinə deyil, Cənubi Qafqazın gələcək inkişafına da təsir göstərə biləcək strateji addımdır”.

Turan Rzayev
Globalinfo.az