Moskva görüşündə imzalanmayan iki sənədin müəmması – Paşinyanın Kreml replikası

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü oldu. Görüş gözlənildiyindən daha qısa cəmi 20 dəqiqə çəkdi.

Bir çox ekspert bu görüş zamanı iki mühüm sənədin imzalanacağını praqnozlaşdırsa da gözlənilən olmadı. Ümumi mənada isə Moskva görüşü nəticəsiz qaldı.

Maraqlıdır, iddia edilən iki sənəd nə idi və nə üçün imzalanmadı? Vaşinqton və Brüssel görüşlərindən fərqli olaraq Moskva görüşü nə üçün nəticəsiz bitdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Brüsseldə ərazi bütövlüyünün tanınması kimi vacib addımdan sonra Moskvada bu görüşün kölgədə qalması naminə sülh sazişinə götürəcək önəmli irəliləyişin olmasına ümidi vardı:

Züriyə Qarayeva

“Lakin görüş daha çox Paşinyanın kəkələdiyi nitqi, söz oyunu ilə yadda qaldı. Proqnozlar verilsə də, heç bir sənəd imzalanmadı. Önəmli razılıq isə sadəcə baş nazirlərin müavinlərinin “kommunikasiyanın açılması üzrə üçtərəfli işçi qrupu” adı altında görüşünün razılaşdırılması oldu.

Bu addım göstərdi ki, Rusiya sülh sazişi ilə bağlı təsir edə bilmir və ya istəmir, alternativ olaraq öz maraqlarına uyğun məsələlərin icrasına çalışır. Söhbət Rusiyanı blokada vəziyyətindən çıxaracaq Zəngəzur dəhlizindən gedir. Sərhədlərin müəyyən olunması ilə bağlı xəritə məsələsi gündəmə gətirilmədi. Çünki bu problemin həllini tapması, sülh müqaviləsinin imzalanması üçün böyük miqyasda irəliləyiş deməkdir. Bu isə Rusiyasız Cənubi Qafqaz vəd edir. Sülh müqaviləsi imzalanarsa belə, Moskva bu sazişin müəyyən problemlər qüvvədə qalaraq imzalanmasının tərəfdarıdır”.

Politoloqun fikrincə, Paşinyanın replikaları göstərdi ki, kommunikasiyalarla bağlı da Rusiya Ermənistana təsir edə bilməyib:

“Laçına yol məntiqi ilə yanaşıldığı üçün Naxçıvana da maneəsiz hərəkət təmin edilməlidir. Baş nazirlərin müavinləri səviyyəsində keçiriləcək görüş də bu formatın detallarına həsr oluna bilər. Putinin məsələdə israrını nəzərə alsaq, sülh müqaviləsi imzalanmadan kommunikasiyalarda irəliləyişin şahidi ola bilərik. Bütövlükdə isə bu görüşü məhsuldar hesab etmək olmaz.

Qısacası, Rusiya Moskva görüşünü keçirməklə üstünlük göstərişi etməyə çalışsa da, vəziyyət tamamilə əksini göstərdi. Çünki Qərb proseslərin sülh istiqamətində irəliləməsində daha aktiv və təsiredici olduğunu sübut edir”.

Turan Rzayev
Globalinfo.az