Modeli döymüş sevgilisi haqda qərar verildi – YENİLƏNİB

Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin hazırlıq iclası keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə 3 zərərçəkmiş – Raziyyat Əliyeva, Gülnar İsayeva və Xadijat Quliyeva var.

Təqsirləndirilən şəxsin vəkilləri Elnur Quliyev, İsmayıl Babayev və Fəxri Hacıyev müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Zərərçəkmişlərdən birinin vəkili Asim Abbasov isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş etdi. Bildirib ki, ittiham ağırlığı, təqsirləndirilən şəxsin zərərçəkmiş Raziyyat Əliyeva və Gülnar İsayevaya gələcəkdə zərər yetirə biləcəyi və Ziya Hüseynov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət təqibi getdiyi xüsusatlar nəzərə alınmalıdır.

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin müdafiəçilərinin vəsatətini təmin etməyib.

Daha sonra məlum olub ki, təqsirləndirilən şəxs Ziya Hüseynov məhkəmənin başlanması üçün bildiriş almayıb.

Bu səbəbdən məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.

***14:17

Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gələn iş adamı, hazırda həbsdə olan Ziya Hüseynzadənin ittihamı ağırlaşdırılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin ümumilikdə 7 maddəsi üzrə ittiham elan edilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində Z.Hüseynzadə məcəllənin 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə), 133.2.6 (Əzab vermə-işgəncə ilə törədildikdə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177.3.2 (Oğurluq-külli miqdarda ziyan vurmaqla), 182.3.2 (Hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədi ilə), 186.2.1 (Əmlakı qəsdən məhv etmə-zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla) və 221.1-ci (Xuliqanlıq) maddələri ilə təqsirləndiriləcək.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar Raziyyat Əliyeva ilə yanaşı, onun anası və daha bir qadındır.

İttihamda qeyd edilib ki, Z.Hüseynzadə R.Əliyeva ilə münasibətlərinin pozulmasından sonra onu dəfələrlə döyərək xəsarətlər yetirib. Yaşadığı evdə başını ardıcıl olaraq döşəməyə çırparaq işgəncə verib. Həmçinin yaşadığı 13-cü mərtəbədəki mənzilin pəncərəsinin qarşısına gətirərək onu yerə atmaqla hədələyib.

Bundan başqa Ziya Hüseynzadə Raziyyat Əliyevaya məxsus olan 185 000 manat dəyərindəki “Mercedes” markalı avtomobili təhvil verməsini hədə-qorxu ilə tələb edib. R.Əliyevanın Türkiyəyə getməsindən sonra isə həmin avtomobilin yerini müəyyən edərək evakuatorla yaşadığı bağ evinə aparıb. Burada avtomobili zədələyərək 94 000 manatlıq ziyan vurub.

Qeyd edək ki, bir müddət öncə “Miss Azerbaijan” müsabiqəsinin qalibi, bloger Raziyyat Əliyeva döyülmə və sosial şəbəkələrdə naməlum şəxslərin onunla bağlı videolar paylaşması ilə əlaqədar polisə müraciət edib. Bu videolarda Ziya adlı şəxs onu xəyanət etməkdə ittiham edib. R.Əliyeva videolarla bağlı ictimaiyyətə və polisə müraciət edərək şiddətə məruz qaldığını bildirib.

Aparılan araşdırmalardan sonra Z.Hüseynzadə barəsində cinayət işi başlanılıb və o həbs edilib.