“Separatçıların silah daşıyan nəqliyyatı hədəfimizdədir…” – VACİB AÇIQLAMA

“İnternetdə az qala hər həftə Rusiya hərbi kontingentinin müşayiəti ilə Qarabağ separatçılarının bir məntəqəsindən başqa məntəqəsinə silah daşımasına dair görüntülər yayılır. Növbəti görüntü isə avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin çatdırılması ilə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu

O, separatçıların nəqliyyat vasitələrinin Rusiya hərbi kontigentinin müşayiəti ilə daşınması səbəbinin aydın olduğunu bildirib:

“Rusiya hərbi kontingenti bu halda Azərbaycanın dronlarla havadan separatçıların nəqliyyat vasitələrinə zərbə endirməyəcəyi qənaətindədir. Bəli, biz Rusiya hərbi kontingenti ilə Qarabağda qarşıdurma istəmirik, ancaq onların separatçıları himayə etməsinə də seyrçi qalmamalıyıq”.

Politoloq deyib ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenitinin komandanını Bakıya dəvət edib, ona bu şəkildə xəbərdarlıq etməlidir:

“Separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələri hədəfimizdədir, onlara zərbə endirmək hüququna malikik. Separatçıların nəqliyyat vasitələrini müşayiət edən Rusiya hərbi kontingentinin şəxsi heyətinin zərər görməsini istəmirik, həmin nəqliyyat vasitələrinin müşayiət edilməsi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır, bu cür fəaliyyətin dərhal dayandırılmasını tələb edirik”.

E.Şahinoğlu bildirib ki, bu səpkili xəbərdarlığın Müdafiə Nazirliyi ilə eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin yayımlaması ciddi tədbirlərə əl atacağımızın təsdiqi olar.

Zaira Akifqızı
Globalinfo.az