Misir Qasımlı haqda gerçəklər üzə çıxır – Gözdən qaçan ŞOK DETAL

Ukraynada haqqında 8 il həbs qərarı çıxarılan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı proseslər getdikcə böyüməkdədir.

Globalinfo.az bildirir ki, artıq Misir Qasımlı ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrdə fikir ayrılıqları müşahidə olunur. Belə ki, bir qisim insan onun cinayət törətdiyinə inansa da, əksəriyyət günahsız olduğunu, erməni məkrinə görə həbs cəzası aldığını yazır.

Xüsusən siyasətçi Əli Quliyevin pravda.az-a açıqlaması zamanı dediyi sözlər birmənalı qarşılanmayıb.

Sitat:

“Misir Qasımlıya kömək etmək istədik, bu mənzərə ilə qarşılaşdıq, utanaraq uzaqlaşdıq. 2021-ci il iyunun 9-da Azərbaycan vətəndaşları Misir Qasımov və Sübhan Quliyev ərəb mənşəli İspaniya vətəndaşı Məhəmməd Əli Yusuf Açanı oğurlayaraq meşəyə aparmış, ona ciddi bədən xəsarətləri yetirərək üzərindəki külli miqdarda pulu və qiymətli əşyaları götürüblər”.

Ə.Quliyevin bu açıqlamasına Misir Qasımlı cəbhəsindən cavab gecikməyib. Onun vəkili Aygül Rəfiyeva sözügedən iddialara münasibət bildirərkən bunları deyib:

“Zərərçəkənin İspaniyadan göndərdiyi sənədlər erməni tərəfindən tərcümə olunub. Nyu-Yorkda yaşayan erməni siyasətçi Haik Martriosyan Misir Qasımlının videosunu paylaşmışdı və onun başına pul qoymuşdu. Bunun linki də var. Erməni Teleqram səhifələrində hələ məhkəmə istintaqı davam edən zaman bir-bir hakimin, prokurorun adına qədər paylaşıb, onlara təşəkkür edirlər. Hətta o səhifələrdə şərhlər də var, bir-birilərinə yazırlar ki, bu, bizim işimizdir, bu qədər pul yığdıq və s. Əli Quliyev məhkəmə prosesinin ədalətli getdiyini bildirdiyini deyir. Proses ədalətli gedirsə, nəyə görə Kiyev Appelyasiya Məhkəməsi Obuxov Məhkəməsinin qərarını ləğv edir, deyir ki, məhkəmə prosesləri qanunsuz, ədalətsiz keçirildiyinə görə Misir Qasımlı və Sübhan Quliyevin mayın 18-dən etibarən həbsdə saxlanılmaları qanunsuzdur. Ədalətli qərarlar qəbul olunursa, nəyə görə qanunsuz həbsi seçən hakim Zinçenko barəsində cinayət işi başlanılıb?

Əli Quliyev yazır ki, Misir Qasımlı və Sübhan Quliyev ərəb mənşəli İspaniya vətəndaşı Məhəmməd Əli Yusuf Açanı oğurlayaraq, meşəyə aparıb, ona ciddi bədən xəsarətləri yetirərək, üzərindəki külli miqdarda pulu və qiymətli əşyaları götürüblər. İş materiallarında ciddi bədən xəsarətləri barədə heç nə yoxdur. Əli Quliyev bu məlumatı hardan alıb? Bununla bağlı ekspertiza rəyi də var, xəsarət yetirilməyib. Küllü miqdarda pulun götürüldüyü iddia olunur. Hansı puldan söhbət gedir? Orda, ümumiyyətlə, pul söhbəti olmayıb. “Qiymətli əşyaları” deyirlərsə, onun mövcudluğunu belə sübut edə bilmirlər”.

Misir Qasımlı özü də israrla şərləndiyini, məsələyə müdaxilə edən erməni lobbisinə yaxın şəxslərin ucbatından həbs cəzası aldığını bildirir. O həmçinin cinayət işinə başdansovdu yanaşıldığını qeyd edir:

“Mən bölməyə aparılandan məni şikayət edən şəxs 2-3 saat keçmədən İspaniyaya qayıtdı. Erməni lobbisinin vəkili işə qatıldı, prokurorla görüşdü. Birinci bizə yüngül ittihamlar yazmışdılar. Sonra məhkəmədə dedilər ki, çölə buraxmaq olmaz, Qarabağ müharibəsində iştirak edib. Prokuror daha 3 ittiham elan etdi.

Ortada heç bir sübut yoxdur. Nə silahda, nə də bıçaqda əl izi var. Qan izi yoxdur. Hakim işimə vəkilsiz, tərcüməçisiz baxdı”.

Bütün bunların fonunda müzakirə olunan məsələlərdən biri də Misir Qasımlının məhkəmə zalında davranış qaydalarını kobud şəkildə pozmasıdır. Sosial şəbəkə istifadəçilərinin bəziləri onun bu hərəkətinin cinayət tərkibi yaratdığını bildirsələr də, digər qismi Vətən müharibəsində iştirak etdiyini, buna görə də belə gərgin vəziyyətdə əsəblərini cilovlaya bilmədiyini vurğulayıblar.

Misir Qasımlının erməni məkri ilə həbs olunması barədə müzakirələrin qızışdığı bir vaxtda gündəmə 2003-cü ildə Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edilən Ramil Səfərov gəlib. Bəzi insanlar Ramil Səfərovun Azərbaycan dövlətinin möhtəşəm addımı nəticəsində həbsdən azad edilib Vətənə gətirildiyini xatırladaraq bildiriblər ki, bənzər hal Misir Qasımlı ilə bağlı da baş verə bilər. Lakin indiki məqamda bunun inandırıcı olmadığını deyənlər də çoxdur.

Buna baxmayaraq, Ramil Səfərov və Misir Qasımlı olayını birləşdirən bir detal var. Belə ki, Ramil Səfərov ömürlük həbs cəzası alsa da, bu cəzanın cəmi 8 ilini çəkmişdi. Maraqlı məqam budur ki, Misir Qasımlıya da hakim məhz Ramil Səfərovun cəza çəkdiyi müddət qədər – 8 il həbs təyin edib.

Gözdən qazan bu detal Misir Qasımlı işində erməni əlinin olması versiyasını ağıllara gətirib. Ehtimallardan biri də budur ki, ermənilər həm Misir Qasımlını “İrəvan Azərbaycandır” sözünə görə cəzalandırmaq, həm də Ramil Səfərov olayına işarə etmək üçün 8 il həbs cəzası almasına nail olublar.

Hadisələrin belə çıxılmaz vəziyyətə gəlməsi onu deməyə əsas verir ki, Misir Qasımlı ilə bağlı cinayət işində yerinə oturmayan daşlar var. Yaxın vaxtlarda məsələ barədə başqa detalların üzə çıxacağı, mühüm məqamların aydınlaşacağı bildirilir.

Globalinfo.az Xəbər Xidməti