Mirzoyan görüşə gəlmədi: Bayramov Lavrovla hansı gizli detalı müzakirə etdi?

“Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan görüş xüsusi bir nəticə ilə yadda qalmadı. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşdə iştirak etməməsi bu görüşün imitasiya xarakterli olduğunu bir daha sübut edir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Samir Hümbətov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, A.Mirzoyanın görüşdə iştirak etməyəcəyi bəlli idi:

“Məsələ ondadır ki, Ermənistan tərəfi görüşdə iştirak etsə idi, həm qanunsuz daşımaların dayandırılması, həm də Azərbaycan nümayəndə heyətinin ərazidə yoxlamalar aparmasına dair yekun sənəd imzalanmalı idi. Lakin bu, Ermənistan üçün heç də arzuolunan bir şey deyil. Buna görə də Mirzoyan görüşdə iştirak etmədi.

Bununla belə, Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş baş tutdu. Görüşün əsas müzakirə mövzusu isə öncədən də bəlli olduğu kimi Şuşa-Xankəndi yolunda baş verən aksiyalardır.
Kreml aksiyaların dayandırılmasını istəsə də rəsmi Bakı bunda maraqlı deyil. Ümumiyyətlə aksiyalar Azərbaycan hakimiyyətinin təşkilatçılığı ilə keçirilmir. Digər tərəfdən, aksiyalar Bakının maraqlarına uyğundur.

Nəticə etibarilə həm Rusiya, həm də Ermənistan tərəfi Bakının istəklərini qəbul etmədikcə nə aksiyalar yekunlaşacaq, nə də bu tipdə görüşlər bir effekt verəcək”.

Turan Rzayev
Globalinfo.az