Milyarderin toyuna etiraz: məkan təcili olaraq dəyişdirildi

Milyarderin toyuna etiraz: məkan təcili olaraq dəyişdirildi

“Amazon”un qurucusu Ceff Bezos və jurnalist Loren Sançesin bu həftə İtaliyanın Venesiya şəhərində keçirilməsi planlaşdırılan məşhur toy mərasimi təhlükəsizlik səbəbi ilə şəhərin mərkəzindən uzaq, daha təcrid olunmuş əraziyə köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters” məlumat yayıb.

Əvvəlcə toy şənliyinin Venesiyanın mərkəzində yerləşən və gecə həyatı ilə məşhur Kannareco bölgəsində təşkil olunacağı planlaşdırılırdı. Lakin yerli sakinlər və ictimai təşkilatların ehtimal olunan etiraz aksiyaları bu planların dəyişdirilməsinə səbəb olub.

Qeyd olunur ki, bəzi venesiyalılar bu cür tədbirlərin şəhəri varlılar üçün əyləncə parkına çevirdiyini bildirərək etiraz edəcəklərini açıqlamışdılar. Nəticədə, 14-cü əsrə aid tarixi Arsenale kompleksi yeni məkan olaraq seçilib. Kastello rayonunda yerləşən bu binaya yalnız su yolu mövcuddur və təhlükəsizlik baxımından daha uyğun sayılır.

Mərasimdə şou-biznes, siyasət və maliyyə dünyasından 200-250 nəfərlik xüsusi qonağın iştirak edəcəyi gözlənilir. Toyun dəqiq tarixi və yeri açıqlanmasa da, mərasimin həftəsonuna qədər baş tutacağı ehtimal edilir.

Aysel Əliyeva
Globalinfo.az