Milli və xarici valyutada qiymətli kağızlar anlayışı dəyişir

Milli valyutada və xarici valyutada qiymətli kağızlar anlayışı dəyişir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında qanun”a təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, milli valyutada qiymətli kağızlar anlayışı artıq nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılacaq.

Qüvvədə olan qanuna əsasən, milli valyutada qiymətli kağızlar anlayışı manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edir.

Eyni zamanda, təklif edilən dəyişikliyə əsasən, xarici valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızları əhatə edəcək. Qüvvədə olan qanuna əsasən, xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri( çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edir.

Qanun layihəsinə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil ediləcək.