Hazırda dünya birjasında qızılın qiymətinin qalxdığı, paralel olaraq isə neftin qiymətinin nisbətən aşağı endiyi bildirilir.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36 faiz artaraq 2791 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,97ABŞ dolları və ya 1,33 faiz azalaraq 71.87 ABŞ dollarına enib. Hər iki istiqamətdə müşahidə olunan qiymət dəyişikliyi müzakirələrə səbəb olub. Yaranmış vəziyyət qızılın sosial mühitdə ən etibarlı əmtə forması olduğuna dair fikirləri gücləndirib.
Qızılın qiymətinin dünya birjalarında bu həddə yüksəlməsi qlobal iqtisadiyyata nə vəd edir?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, qızılın qiymətinin artması dünyada, xüsusilə də Yaxın Şərqdə genişlənən geosiyasi vəziyyətin gərginləşməsi ilə əlaqədardır:
“Hazırkı şəraitdə qızılın bahalaşması, dolların isə ucuzlaşması gözlənilir. Mövcud gərginlik fonunda dolların qiyməti aşağı düşür. Eyni zamanda bu, Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsinin aşağı salınması ilə də bağlıdır. Deməli, dollar aşağı düşməli, qızılın isə qiyməti artmalıdır. Çünki bütün mərkəzi banklar arasında mübadilə aparılır”.
İqtisadçının sözlərinə görə, belə hallarda bank və investorlar yatırım üçün əsasən qızılı seçirlər:
“Çünki ən etibarlı investisiya və risklərin sığortalanması bahalı metala olunan yatırımdır. Geosiyasi risklər nəqliyyat və əlavə marşrutların bağlanmasına səbəb olur. İnvestorların, o cümlədən bütün maliyyə qurumlarının dollar və avroya inamının azalmasını daha çox qızılın alışı şərtləndirir”.
Zaira Akifqızı
Globalinfo.az