milli meclis esas

Azərbaycan Milli Məclisi İran parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işinə müdaxilə kimi qiymətləndirir.

Globalinfo.az xəbər verir ki, bu Azərbaycan Milli Məclisinin İran parlamentinə cavab Bəyanatında bildirilir.

“Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatıdır. Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçib.

Belə görünür ki, İran qüvvələrinin sərhəddə müntəzəm təlimlər keçirməsi, Azərbaycanın Tehran şəhərindəki səfirliyinə qarşı terror təxribatlarının həyata keçirilməsi, 10 minlərlə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistan baş konsulluğunun açılmasına razılıq verilməsi, Ermənistanla normallaşma mane olma cəhdləri və digər bədniyyətli əməllər eyni zəncirin həlqələridir.

İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdığı casus şəbəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların radikal-dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur. Azərbaycan dövlətinin İsraildə səfirlik açması müstəqil dövlət kimi suveren hüquqdur və bununla bağlı qəbul edilən bəyanatla irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir.

İsraildə Mərakeş, Çad, Bosniya-Herseqovina, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi müsəlman ölkələrin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana göstərdiyi qərəzli münasibətlərin şahidi olmayıb. Azərbaycan dövləti Fələstində də diplomatik nümayəndəlik açıb. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərib, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini hər zaman dəstəkləyib və bu mövqeyini beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib.

Azərbaycan Milli Məclisi İran tərəfini Azərbaycana qarşı müntəzəm xarakter alan əməllərini qətiyyətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir”, – deyə bəyanatda vurğulanır.

***12:04

Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb. 

Globalinfo.az xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:

“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.

***11:25

Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılmasını təklif edib.

Globalinfo.az bildirir ki, təklif qəbul edilib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.

***11:12

Milli Məclis İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.

O bildirib ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib:

“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur”.

Paylaş: