Milli Məclis Fransanın qətnaməsi ilə bağlı bəyanat qəbul etdi – YENİLƏNİB

 

Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul edilib.

Globalinfo.az bildirir ki, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.

Bəyanat səsverməyə qoyularaq qəbul olunub.

Bəyanatın lehinə 95, əleyhinə isə 1 deputat səs verib.

***15:22

Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.

Globalinfo.az bildirir ki, komissiyanın rəhbəri parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təyin edilib.

Komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.

Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.

***15:08

Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.

Globalinfo.az bildirir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, MM tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:

“Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin”.

Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib. Azərbaycan XİN açıqlama yayaraq bildirib ki, bu qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.