Azərbaycan Vardanyanı xüsusi əməliyyatla Bakıya gətirə bilər – VERSİYA

“Separatçı liderlər Arayik Arutyunyan və Ruben Vardanyan de-fakto Azərbaycan qanunlarını və ərazi bütövlüyünü pozan şəxslərdir. Bu şəxslər həm beynəlxalq hüquqa görə, həm də yerli qanunlara görə məsuliyyətə cəlb edilə bilər”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz fəaliyyət göstərən separatçı terrorçu rejimin “naziri” Ruben Vardanyanın həbs edilməsi ehtimalı haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın əlində Ruben Vardanyan və digər separatçıları həbs etmək üçün kifayət qədər əsaslar var:

“Birincisi, o və digər separatçı şəxslər Azərbaycanın beynəlxalq hüquqla tanınan qanuni əraziləri hesabına dövlət yaratmaq istəyir.

İkincisi, Vardanyan xaricdə yaşayan ermənilərin Qarabağa cəlb edib, burada erməni əhalisinin sayını süni şəkildə artırılması üçün əlindən gələni edir.

Bütün bu və digər səbəblər Azərbaycana, Arayik Arutyunyanı,  Balasanyanı, Saakyanı və bunlarla yanaşı, Ruben Vardanyanı mühakimə etmək üçün əsaslar verir”.

Politoloqun sözlərinə görə, rəsmi Bakının R.Vardanyan və digər separatçıları həbs etmək üçün əsasları olsa da məsuliyyətə cəlb olunması üçün hüquqi mexanizmlər yoxdur:

“Hüquqi baxımdan, bəli, onlar Azərbaycanın ərazi bütövlüyünü pozmuş, qanunsuz silahlı birləşmələr formalaşdırmış şəxslər kimi ölkə qanunvericiliyinə görə cinayət məsuliyyəti daşıyırlar.

Lakin Rusiya sülhməramlıların ərazidə olması separatçı liderlərin məsuliyyətə cəlb olunması üçün maneələr yaradır. Faktiki olaraq sülhməramlılar həmin şəxsləri himayə edir. Buna görə də Azərbaycan dövləti hələlik onları həbs edə bilmir. Odur ki, sözügedən erməni separatçıları və digərlərinin hər hansı bir şəkildə məsuliyyətə cəlb olunması hələlik mümkün deyil.

Lakin rəsmi Bakı bu istiqamətdə diplomatik kanaları aktivləşdirib nəyəsə nail ola bilər. Digər məsələlərdə olduğu kimi bu məsələdə də qərarlı mövqeyimizi göstərməliyik”.

Turan Rzayev
Globalinfo.az