Portuqaliyalı məşqçi Fernandu Santuşun Azərbaycan millisindən ayrılmasından sonra yığmamız müvəqqəti olaraq U-21 komandasının baş məşqçisi Ayxan Abbasova həvalə edildi. O, ilk sınağını Ukrayna ilə oyunda verdi və matç 1-1 hesabı ilə başa çatdı.
Ayxan Abbasov Globalinfo.az-a müsahibəsində komandanın vəziyyəti və gələcək planları barədə danışıb.
Müsahibəni təqdim edirik:
– Ayxan bəy, təbrik edirik! Hazırkı vəziyyətdə 1 xal qazanmaq müsbət haldır. Lakin azarkeşlər qələbə görmək istəyir. Sizcə, millimiz daha yaxşı oyun göstərə bilərdimi?
– Bizim birlikdə məşq etmək üçün vaxtımız çox az oldu. Üstəlik, futbolçular ağır bir məğlubiyyətdən qayıtmışdılar. İlk növbədə, komandanı ruhən bərpa etmək və oyuna kökləmək vacib idi. Həqiqətən də milli komandanın oyunçuları ilə birlikdə bir gündə bu ruhu geri qaytardıq. Əlbəttə, belə güclü qrupda Ukraynaya qarşı oynayıb xal qazanmaq yaxşı nəticədir. Burada udmaq da olardı, uduzmaq da… Rəqib çox güclü idi. Amma bu gün üçün 1 xal bizim üçün qələbəyə bərabərdir.
– Təəssüf ki, milli komanda son illər ard-arda məğlubiyyətlər alır. Ölkədə futbolun inkişafı üçün hansı addımlar atılmalıdır?
– Bu barədə çox geniş danışmaq olar. Amma hazırda ən vacib məsələ 2-3 akademiyanın yaradılmasıdır. Bu akademiyaların peşəkar səviyyədə fəaliyyət göstərməsi çox önəmlidir. Bundan sonra Premyer Liqada iştirak edən klubların şəraitinin və meydançalarının yaxşılaşdırılması vacibdir. Nəticədə məşqçilər də inkişaf edəcək. Klub idarəçiliyi də daha peşəkar şəkildə qurulmalıdır. Əgər bunlar olmazsa, inkişafdan danışmaq çətindir.
– Komandada yenilik etməyi düşünürsünüzmü? Şərhlərdə qeyd olunur ki, məsələn, Rüfət Abdullazadə kimi oyunçular heyətə cəlb olunmayıb. Heyəti yeniləmək fikriniz varmı?
– Mən rəsmi olaraq U-21 yığmasının baş məşqçisiyəm. Gələcəkdə nə qərarlar veriləcək, bu barədə danışa bilmərəm. Çünki federasiya rəhbərliyi ilə yalnız bir oyun üçün razılaşma olmuşdu. Mən AFFA-nın məşqçisiyəm və bu kimi hallarda dəstək vermək bizim borcumuzdur. Milli komandada bir oyunluq da olsa çalışmaq mənim üçün böyük şərəfdir. Rəsmi qərar verilərsə, o zaman konkret fikir bildirmək olar. Təbii ki, komandanın başında olsam, öz baxışımıza uyğun heyət formalaşdıracağıq. Amma indi bu haqda danışmaq tezdir.
– Sizcə milli komandanın baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?
– Hələ milli komandada işləmədiyim dövrdə də dəfələrlə demişəm ki, baş məşqçi yerli olmalıdır. Mən yerli mütəxəssisin milli komandada olmasının tərəfdarıyam. Hazırda U-21 komandasının baş məşqçisi olduğum üçün bu barədə çox danışmaq istəmirəm. Sonradan düşünülməsin ki, bu fikirləri özüm üçün deyirəm. Məncə, Azərbaycanda milli komandanı çalışdıracaq kifayət qədər yerli mütəxəssis var. Onlar komandaya daha çox fayda verə bilərlər. Bu, əcnəbi məşqçinin əleyhinə çıxmaq demək deyil. Sadəcə olaraq, yerli məşqçi öz futbolçusunun nəbzini daha yaxşı tutur.
– Fernandu Santuşla yollar ayrıldı. Məşqçi kimi siz onun səhvlərini daha aydın görə bilirsiniz. Sizcə, əsas yanlışları nədən ibarət idi?
– Futbolda hər kəsin öz yanaşması var və hər kəs öz düşüncəsinə görə haqlı ola bilər. Futbolda elə bir qayda yoxdur ki, “mütləq bu şəkildə olmalıdır”. Məşqçinin yanaşması olur ki, bu, alına da bilər, alınmaya da. Santuş çox böyük təcrübəyə malik məşqçidir. Onun nəyi düz, nəyi səhv etdiyini deməyim düzgün olmaz. Mənim də yanaşmalarım və qərarlarım ola bilər ki, başqa bir məşqçinin xoşuna gəlməsin. Amma bu, o demək deyil ki, mən səhvəm.
– Fransa ilə oyunda “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun komandaya baş məşqçi kimi çıxacağı deyilir. Bu məlumat doğrudurmu?
– Açığı, bu barədə heç bir məlumatım yoxdur. Amma Rəşad Sadıqov və digər yerli məşqçilərimiz milli komandaya layiqdir. Rəşad Sadıqov illər boyu yığmanın kapitanı olub. Kim çıxacaqsa, bizim üçün fərqi yoxdur. Amma Rəşad Sadıqov Azərbaycan futbolunun yaxşı mütəxəssislərindən biridir.
– Ayxan bəy, sonda futbolumuzda sizi qane edən və etməyən məqamlar barədə nə deyə bilərsiniz?
– Mən daha çox gənclərdən ibarət komandalarla işlədiyim üçün bu sahəyə diqqət yönəltmək istəyirəm. İstərdim ki, həm legionerlərimiz, həm də Premyer Liqada daim oynayan yerli oyunçularımızın sayı artsın. U-21 millisi üçün deyə bilərəm ki, komandada milli ruh və özünəinam var. Uduzsaq belə, futbolçular mübarizə aparmaqdan çəkinmirlər. Bunlar zamanla daha da yaxşılaşacaq. Sadəcə, zaman və düzgün yanaşma lazımdır. Əgər dediyimiz dəyişikliklər həyata keçirilsə, yaxın illərdə fərq hiss olunacaq.
Söhbətləşdi: Zaira Akifqızı
Globalinfo.az














