Xəbər verdiyimiz kimi, aprelin 21-də Bakı metropolitenində yüksək gərginliyin verilməsində yaranan nasazlıq səbəbi ilə qatarlar tunellərdə qalıb. Nəticədə sərnişinlər dərhal təxliyə edilib. Oxşar hadisə daha əvvəl, yəni 2010-cu ildə də qeydə alınıb.
Həmin vaxt Bakı metrosunda elektrik enerjisinin kəsilməsi nəticəsində qatarlar tuneldə qalıb və sərnişinlər bir müddət metroda gözləməli olub. Hadisə zamanı bəzi sərnişinlər qatarlardan çıxarılaraq tunellər vasitəsilə stansiyalara yönləndirilib. Problem elektrik təchizatında yaranan nasazlıqla bağlı idi və sonradan aradan qaldırılıb. Ümumilikdə, sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib və ciddi insan itkisi qeydə alınmayıb.
Belə hadisələrin təkrarlanmaması üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev xatırladıb ki, Bakı Metropoliteni gələn il 60 illiyini qeyd edəcək:
“Mövcud xətlərdə enerji təchizatı, rabitə, işarəvermə və siqnalizasiya sistemlərinin yenilənməsi artıq zəruridir. Bu sahələrin müasir tələblərə uyğunlaşdırılması və metropolitenin yükünün azaldılması vacibdir. Bunun üçün yeni xətlərin çəkilməsi və mövcud şəbəkənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu layihələr dövlət proqramında nəzərdə tutulub. Baş verən hadisələr isə prosesin icrasının daha da sürətləndirilməsini zəruri edir ki, gələcəkdə oxşar problemlər yaranmasın”.
Rauf Ağamirzəyev
Ekspert bildirib ki, layihələrin hazırlanması və icrası zamanı iqlim dəyişikliyi amillərinin də nəzərə alınması önəmlidir:
“Ümumilikdə, Azərbaycanın enerji təchizatında modul tipli atom elektrik stansiyalarının (AES) tikintisi məsələsi müzakirə olunur. Lakin bu, ciddi təhlil və araşdırma tələb edən bir mövzudur”.
Enerji məsələləri üzrə ekspert İlham Şaban qeyd edib ki, metroda ara-sıra enerji itir:
İlham Şaban
“2018-ci ilin iyulunda da belə olmuşdu. Problemi kökündən həll etmək üçün modul tipli mini AES tikmək olar”.
Ləman İmran
Globalinfo.az