Məşhur müğənninin iştirak ilə efirdə aparılan müzakirə narazılıq yaratdı

Məşhur müğənninin iştirak ilə efirdə aparılan müzakirə narazılıq yaratdı

ATV kanalında yayımlanan “Günaylı Gün” verilişində müğənni Nüşabə Musayevanın nənə olması ilə bağlı danışılan söhbətlər zamanı orada uşaqların olması birmənalı qarşılanmayıb. Belə ki, izləyicilər bu cür açıq müzakirələr vaxtı azyaşlıların həmin söhbəti eşitməsinə narazılıq bildirirlər.

Mövzunu Globalinfo.az-a şərh edən media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, bununla bağlı bizdə bir diferensiasiya mövcuddur.

Onun sözlərinə görə, psixologiyada uşaq psixologiyasına xüsusi yer ayrılır:

“Yəni uşaqla necə davranmaq olar, maraq dairəsinə uyğun hansı problemləri qaldırmaq mümkündür və s. Biz buna mütləq ciddi şəkildə əməl etməliyik. Dünyada hələ möcüzə baş verməyib ki, 8-10 yaşında bir uşaq böyüklərin düşündüyü qədər məsələlərə praktik baxımdan yanaşa, ona fikir bildirsin. Bu cür verilişi təşkil edən prodüserlər, redaktorlar, ümumiyyətlə, televiziya kanalı özü belə hallara həssas yanaşmalıdır. Zəif cəhətlərimizdən biri uşaq verilişləri, onlarla bağlı olan diskursiyalardır”.

Professor bu gün maraqlı uşaq verilişlərinin olmadığını bildirib:

“Əvvəllər bizdə həm AzTV, həm İTV, həm də radiolarda yaxşı və maraqlı uşaq verilişləri olurdu. Əgər biz uşaqlarla bağlı ictimai müzakirə açırıqsa və uşaqların orada iştirakı vacibdirsə, mütləq bunun uyğun nüanslarını tapmaq lazımdır. Ümumiyyətlə, uşaqlarla bağlı diskussiyalar heç bir yerdə özünü praktik cəhətdən doğrultmur. Məsələn, 8-10 yaşında uşaqlar və ya orta məktəbin yuxarı sinif şagirdləri oturub öz həyatı və ya qoyulan məsələ ilə bağlı polemikalarda iştirak etməməlidirlər. Bunlar spesifik məsələlərdir. Televiziya nə dərəcədə inandırıcı, effektli olur? Orada olan müzakirələr kimin üçündür? Kim orada nə qavrayır? Ən əsası, məqsəd nədir? Bu məsələlərə diqqət yetirilməlidir”.

Zaira Akifqızı

Globalinfo.az