
Qərb bölgəsində, xüsusilə Qazax-Tovuz zonasında geniş işlədilən “dambat” sözü son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Trendə çevrilən və əsasən aşıq havası üstündə oxunan “Kəndə gəl, ay xalam oğlu” mahnısında işlədilən bu ifadə çoxları üçün anlaşılmır. Bir çox istifadəçi “dambat” sözünün mənasını və haradan gəldiyini soruşur.
Bəs “dambat” nə deməkdir, hansı bölgəyə məxsusdur və bu sözün mənşəyi nədir?
Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, əslində, “dambat” sözü Tovuz-Qazax bölgəsində doğulub boya-başa çatanların çoxuna yaxşı tanışdır:
“Bəzən ləqəb kimi də işlənir: “Dambat filankəs…” O, Azərbaycan dilinin adıkeçən bölgədəki dialektlərin canlı söz xəzinəsinə aid olan dialektizmlərdən biri sayıla bilər. Doğrusu, qabaqlar mən bu sözü slavyan, yaxud daha konkret rus mənşəli söz sanırdım, məgər elə deyilmiş. Azərbaycan dialektoloji sözlüklərində “dambat” “lovğa”, “ədabaz”, “özünü üstün tutan”, “təkəbbürlü” anlamlarında vurğulanıb. Yeri gəlmişkən, sizin göstərdiyiniz misalda “dambat”, necə deyərlər, daha uhulət-suhulətlə işlənib və “özünə fikir verən”, “yar-yaraşığına, əyin-başına çox diqqət edən”, “hər yetənnən oturub-durmayan” anlamını daşıyır”.

Əkbər Qoşalı
Ə.Qoşalı bildirib ki, bölgələrimizin müxtəlif şivələrində “dambat”dan savayı “dəmbərçək” də işlənir:
“Bu, bənzəri və daha yaxın variantlar isə sözün bəlli bir dialekt sisteminin tərkib hissəsi olduğunu göstərmiş ola bilər. Çağdaş türk dillərinin ümumi leksikasında bu söz işlənməyib. Hazırkı bilgilərə əsasən, “dambat” Azərbaycanın, özəlliklə də Qazax-Tovuz dialekt mühitinin özünəxas leksik irsinin bir örnəyidir. Əlbəttə, dilimizin zənginliyi yalnız ədəbi norma ilə ölçülmür. Hər dialekt, hər şivə xalqın yaddaşından gələn ayrıca bir söz xəzinəsidir”.
Yazar qeyd edib ki, bəzən sosial şəbəkələrdə bircə söz illərlə unudulmuş dil qatını yenidən gündəmə gətirir:
“Dambat” da belə sözlərdəndir. O, bir xarakterdən daha çox, bütöv bir bölgənin dil yaddaşını yaşadan leksik yadigar sayıla bilər”.
Zaira Akifqızı
Globalinfo.az