Məşhur blogerin qaçış planı baş tutmadı

Rusiyalı məşhur bloger və “Arzular Marafonu”nun (Marafona jelaniy) yaradıcısı Yelena Blinovskaya vergidən yayınmaqda şübhəli bilinərək saxlanılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi ona qarşı cinayət işi başladıb. O, külli miqdarda gəlirini dövlətdən gizlətdiyinə görə istintaqa cəlb olunan üçüncü rusiyalı bloger olub.

Blinovskaya barəsində cinayət işinin başladılması aprelin 26-da məlum olub, o, aprelin 27-də Almatıya təyyarə bileti alıb. Lakin gecə blogerə xəbərdarlıq edilib ki, təhlükəsizlik qüvvələri onu yola düşənə qədər Moskva hava limanında saxlamaq niyyətindədirlər. Bu səbəbdən Blinovskaya qəfil planını dəyişib, sürücüsü ilə “Maybach” çağırıb və Belarus istiqamətinə yol alıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları Blinovskayanı qabaqlayıblar – o, dövlət sərhədindən çox da uzaq olmayan Smolensk vilayətində saxlanılıb.

O, gəlirlərini aşağı qiymətləndirib, nəticədə əlavə dəyər vergisi və fiziki şəxslər üçün nəzərdə tutulan vergini ödəməyib. Bloger maliyyə əməliyyatları edərək pul vasitələrini leqallaşdırıb.

İstintaq hesab edir ki, 2019-2021-ci illərdə o, 918 milyon rubldan çox (təxminən 19 milyon AZN) vergidən yayınıb.

2022-ci ildə Blinovskayanın sosial media izləyicilərinin sayı altı milyona çatıb.