Mərkəzi Asiyanın qeyri-türk dövləti ilə Bakını nə bağlayır? 

“Azərbaycan-Tacikistan münasibətlərində həmişə müsbət məqamlar önə çıxıb. Tacikistan hər zaman Azərbaycanın yürütdüyü siyasəti beynəlxalq səviyyədə dəstəkləyib. İki dövlət əlaqələrin daha da inkişaf etidirilməsində maraqlıdırlar. Bu baxımdan Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır”. 

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu mayın 22-də Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanın Azərbaycan Respublikasına dövlət səfərinə gəlməsi haqda danışarkən deyib.

O, bildirib ki, amma müsbət siyasi əlaqələr iqtisadi sahədə özünü göstərmir:

“Bu gün Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi 6 milyon dollar həcmindədir. Bu da hesab edirəm ki, qaneedici deyil. Əlaqələrin müsbət dinamikasının davam etməsində iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin həcminin yüksək olması əsas şərtlərdən hesab olunur. Ona görə də hər iki tərəf bu istiqamətdə müəyyən irəliləyişin olmasına çalışır. Təsadüfi deyil ki, ilin əvvəllərində Azərbaycan-Tacikistan arasında ticarət dövriyyəsi 78 faiz artıb.

Bəllidir ki, Azərbaycanın mühüm strateji bölgədə yerləşməsi ölkəmizə qarşı marağı daha da artırır. Xüsusilə nəqliyyat qovşağına çevrilən Azərbaycanın strateji mövqeyi getdikcə güclənir. Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayan ölkə kimi xüsusi çəkiyə malikdir. Hesab edirəm, bu bir sıra ölkələr kimi Tacikistanın da diqqətindən yayınmır. Tacikistan prezidentinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək”.

Turan Rzayev 

Globalinfo.az