Bakıda yeni böhran: azərbaycanlıların seçimi sürətlə dəyişir – Siyahı

Bakıda yeni böhran: azərbaycanlıların seçimi sürətlə dəyişir - Siyahı

Son illər region ölkələrinə böyük həcmdə sərmayələr qoyulur. Bu fonda azərbaycanlıların öz pullarını xaricdə mənzil və ya digər investisiya istiqamətlərinə yönəldirməsi diqqət çəkir. 2025-ci ilin yanvar-oktyabr aylarında təkcə Türkiyədə vətəndaşlarımız 741 mənzil alıb, bu da ölkədən təxminən 74 milyon dolların çıxması deməkdir.

Bu tendensiya davam edərsə, ölkəni hansı risklər gözləyir?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, Azərbaycanda əmlak qiymətləri süni şəkildə şişirdilib:

“Hazırda Bakının yaxşı ərazilərində mənzil almaq üçün tələb olunan vəsaitlə Dubayda belə ev əldə etmək mümkündür. Hətta Avropanın bir çox paytaxt şəhərlərində mənzillər Bakıya nisbətən daha ucuzdur. Buna görə həm qiymətlərin yüksək olması, həm də investisiya baxımından dönüşün zəifliyi insanları xaricdə əmlak almağa yönəldir. Körfəz ölkələrində alınan əmlakların qiyməti daha sürətlə artır və bu, əlavə üstünlük yaradır. Həmçinin Azərbaycanda kirayə qiymətlərinin mənzillərin satış qiymətlərinə nisbəti dünya standartları ilə müqayisədə çox aşağıdır. Yəni bahalı əmlak alan şəxs onu kirayəyə verərək sərmayəsini qaytarmaq üçün uzun illərə ehtiyac duyur. Halbuki digər ölkələrdə, xüsusilə tətil zonalarında, məsələn, Türkiyə və Avropa ölkələrində kirayə qiymətləri daha yüksək, mənzil qiymətləri isə daha münasib olur. Nəticədə insanlar qoyduqları vəsaiti daha tez geri ala bilirlər. Dubay kimi populyar istiqamətlərdə də kirayə qiymətləri yüksəkdir və investisiya gəlirləri daha cəlbedicidir”.

Bakıda yeni böhran: azərbaycanlıların seçimi sürətlə dəyişir - Siyahı

Turab Rzayev

İqtisadçı qeyd edib ki, Azərbaycanda, xüsusən Bakı bazarında vəziyyət fərqlidir:

“Əmlak qiymətləri çox yüksəkdir, lakin kirayə dəyərləri bu qiymətlərlə müqayisədə aşağı səviyyədədir. Bu səbəbdən insanlar nə əmlak qiymətlərinin artımından Dubaydakı kimi gəlir əldə edə bilir, nə də kirayədən kifayət qədər qazanc götürürlər. Son iki ildə əmlak qiymətlərində artım müşahidə edilsə də, hazırda bazarda müəyyən durğunluq mövcuddur. Üstəlik, uzunmüddətli kirayə gəlirlərinin aşağı olması da, əmlaka investisiyanı cazibədar etmir. Buna görə də insanlar daha çox xarici ölkələrə üz tuturlar.

Digər tərəfdən, əgər bir şəxsin Bakıda çoxlu sayda əmlakı varsa, o, portfelini diversifikasiya etmək üçün Türkiyə, Körfəz ölkələri və Avropada da əmlak almağa çalışır. Çünki bütün sərmayəni tək bir şəhərdə cəmləmək risklidir. Məsələn, Bakıda əmlak bazarında kütləvi durğunluq və ya qiymət enməsi olarsa, bütün portfelin dəyəri itə bilər. Lakin sərmayələr fərqli ölkələrə bölündükdə bir yerdə yaşanan mənfi tendensiyanı digər bazarlardakı artım kompensasiya edə bilər”.

T.Rzayevin sözlərinə görə, bu tendensiyanın hələ də davam edəcəyi gözlənilir:

“Çünki Bakıda qiymətlərin süni şəkildə şişməsi və bazarda sərbəst rəqabət mexanizminin tam formalaşmaması nəticəsində əmlak dəyərləri real göstəricilərdən daha yüksək səviyyədədir. Əmlak bazarında daimi və stabil qiymət artımı müşahidə olunmadığı halda, insanlar investisiya üçün daha çox gəlir gətirən regionlara yönəlirlər. Eyni zamanda Bakıda yüksək qiymətlər fonunda eyni məbləğlə Körfəz ölkələrində mənzil almaq və ya Avropada daha ucuz əmlak əldə etmək mümkün olduğu üçün investorlar sərmayələrini xaricə yönəltməyə üstünlük verirlər”.

Ləman İmran
Globalinfo.az