“Məmurların talançılığından pullar xaricə daşınandan sonra xəbər tuturuq” – Ekspert

Ölkədə baş verən proseslərdə önə çıxan istiqamətlərdən biri korrupsiyaya qarşı mübarizədir. Bu istiqamətdə nə qədər iş görülsə də problem qalmaqdadır. Məmurların büdcədən oğurladığı pullar barədə mediada çoxsaylı xəbərlər tirajlansa da, effektli nəticə görünmür.

Bəs dövlət ölkədən gizli, qeyri-leqal yolla çıxarılan vəsaitlərin sonrakı taleyi ilə maraqlanırmı?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov bildirib ki, Azərbaycanda bəlkə də bununla bağlı iş aparılır, amma ictimaiyyətə məlumat verilmir:

“Korrupsiya cinayətləri əhaliyə məxsus vəsaitin oğurlanması deməkdir. Azərbaycanda təəssüf ki, bu sahədə çox böyük qeyri-şəffaflıq var. Hətta məmurların maaşı belə gizlidir. Onların maaşını müəyyən edən Prezident fərmanı dərc olunmur. Son dəfə belə fərman 1 mart 2022-ci ildə verilib”.

Əkrəm Həsənov

Ekspert qeyd edib ki, Azərbaycan 2005-ci ildən BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına qoşulub:

“Bu sahədə biz də 2005-ci ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu və “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nı qəbul etmişik. Amma o qanuna riayət olunmur. Nazirlər Kabineti 18 ildir ki, bəyannamə formasını təsdiq etmir və məmurlar özləri və ailələri haqqında bu məlumatları vermir. Qanuna görə, daşınmaz əmlakın dövlət reyestri qapalıdır. Bilmirik ki, hansı daşınmaz əmlak, torpaq, bina kimə məxsusdur. Kommersiya hüquqi şəxslərin dövlət reyestri qapalıdır. Yenə bilmirik ki, hansı şirkətin sahibi kimdir. Buna görə Azərbaycan xalqı sadə məsələlərin üzərində ictimai nəzarət apara bilmir. Qanun buna imkan vermir”.

Ə.Həsənovun fikrincə, Azərbaycan qanunvericiliyi korrupsiya ilə mübarizə aparmır, əslində korrupsiyaya kömək edir:

“Təbii ki, bu halda da, pullar oğurlanıb xaricə aparılanda yalnız xarici dövlətin məhkəmə və hüquq-mühafizə orqanının işindən bu bizə məlum olur. Bu, bizim hüquq-mühafizə orqanlarının səyi nəticəsində olmur. Belə çıxır ki, bu məsələnin üzərinə getməkdə maraqlı deyillər. Həmin şəxslər hələ də öz vəzifəsindədir. Vəziyyət bu sarıdan çox bərbaddır”.

Gülnar Səlimova
Globalinfo.az