Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “apa.az”a müsahibəsində bildirib ki, SAT imtahanlarında çoxsaylı saxtakarlıq hallarına rast gəlinir.
Sitat: “SAT imtahanında 1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-da olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik. Azərbaycanda yalnız bir universitet SAT imtahanı nəticəsi ilə tələbə qəbul edir. Onlar da artıq bu ildən şərt qoyublar ki, SAT-dan müəyyən balla yanaşı, bizim buraxılış imtahanında riyaziyyatdan ən azı 40 bal toplamalıdırlar”.
SAT-la İELTS-in nəticələrinin etibarsız hesab edilməsi bu proqramla xarici universitetlərə daxil olmuş tələbələrə nə kimi problemlər yarada bilər?
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, SAT imtahanının nəticələri ilə bağlı bu cür hallara əvvəlki dövrlərdə daha çox rast gəlinirdi:
“Hazırda da bəzi ölkələrdə imtahan suallarının və cavablarının öncədən sızdırılması halları müşahidə olunur. Bəzi hallarda isə imtahan əvvəlcə başqa ölkədə keçirilir, daha sonra Azərbaycanda təşkil olunur və bu müddətdə sualların cavabları müəyyən şəxslərin əlinə keçir. Bu da imtahana olan etimadın azalmasına səbəb olur. Lakin SAT nəticələri əsasında artıq universitetə qəbul olunmuş şəxslər üçün hər hansı problem yaranmır. Buna baxmayaraq, konkret imtahan üzrə nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi və cavabların yayılması ciddi pozuntudur. Belə hallarda imtahan nəticələri ləğv edilir və iştirakçıların nəticələri etibarsız sayılır”.
Elçin Əfəndi
Ekspert bildirib ki, SAT imtahanının nəticəsinə əsasən beynəlxalq sertifikat təqdim olunur:
“Buna görə də imtahanı təşkil edən beynəlxalq qurum sualların və cavabların öncədən sızdırılmaması üçün daha ciddi nəzarət həyata keçirməlidir. Məleykə Abbaszadə də məhz bu məqamlara toxunub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar obyektiv şəkildə təşkil olunur. Hazırda SAT imtahanını da DİM keçirir. Ancaq imtahan bundan əvvəl başqa ölkədə təşkil olunub və cavablar öncədən yayılıbsa, bu məsuliyyət imtahanı keçirən beynəlxalq qurumun üzərinə düşür. Yəni SAT imtahanına görə əsas məsuliyyəti onu təşkil edən beynəlxalq qurum daşıyır”.
Ləman İmran
Globalinfo.az