Qazaxıstanda var, Azərbaycanda yox! – Nəticədə ölənlər olur

Qazaxıstanda var, Azərbaycanda yox! - Nəticədə ölənlər olur

Ölkə məktəblərində bıçaqlanma hallarının sayı artır. Bu, ilk belə hadisə deyil. Təəssüf ki, belə cinayətlərin qarşısı alınmadıqca, daha da çoxalır. Bu da ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur. Məsələn, qardaş ölkə Qazaxıstanda şagirdlər sinfə daxil olmazdan əvvəl girişdə yoxlanılır, sonra buraxılırlar. Bizdə isə belə bir mexanizm yoxdur.

Sual yaranır: Bıçağın məktəb və məktəblilərdə nə işi var? Bunun qarşısı hansı yolla alınmalıdır?

Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyevanın fikrincə, belə hadisələrin artması yalnız valideynləri deyil, bütün cəmiyyəti narahat eləməlidir.

Onun sözlərinə görə, məktəbdə təhlükəsizlik xidməti olmalıdır:

“Düşünməliyik, buna şərait yaradan psixo-sosial vəziyyət nədən qaynaqlanır, məktəbin mühafizəsi niyə zəif təşkil olunur, məktəb şagirdlərlə bağlı niyə sadəcə inzibati cəzalarla kifayətlənir? İlk olaraq əlbəttə, məktəbdə təhlükəsizlik xidməti olmalıdır və ciddi nəzarət edilməlidir, məktəbin girişində, məktəbdə öz nizamsızlığı, nadincliyi ilə seçilən uşaqlar həmişə nəzarətdə saxlanmalı, yad adamların məktəbə girişinə icazə verilməməlidir. Həmçinin artıq qaçılmaz reallıq budur ki, məktəblərdə psixoloji xidmətin keyfiyyəti yüksəldilməlidir. Bir nəfər psixoloq azdır, üstəlik, onların çoxu ixtisas artırmadan sonra psixoloq kimi fəaliyyətə başlayıblar. Bu nüans məktəbdə psixoloq fəaliyyətinin səmərəliliyini ölçməyə bəs edir. Halbuki məktəb psixoloqunun başlıca fəaliyyətlərindən biri, məktəbdə şiddət və zorakılıq meyllərinin yaranmasının qarşısını almaq üçün mütəmadi tədbirlər həyata keçirməsidir”.

Qazaxıstanda var, Azərbaycanda yox! - Nəticədə ölənlər olur

Sona Əliyeva

Sona Əliyeva deyib ki, uşaqların emosional vəziyyətini izləmək, valideynlərini məlumatlandırmaq, psixoloji dəstək vermək birbaşa psixoloqların işidir:

“Təbii ki, hər zaman alternativsiz maarifləndirmə tədbirlərinin aparılması, uşaqlarda tolerantlıq, empati, danışaraq problemləri həll etməyin əhəmiyyəti öyrədilməlidir. Bu prosesdə valideyinlərin də iştirakını təmin etmək, onları da maarifləndirmək çox vacibdir. Həmçinin məktəbdə baş verən neqativ hallar inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Azərbaycanda yetkinlik yaşına çatmayanlarla məşğul olan bir neçə komissiya müxtəlif qurumların nəzdində fəaliyyət göstərir. Çətin tərbiyə olunan, psixoloji problemləri olan, aqressiv uşaqlarla bağlı daha ciddi qərarlar verilməli, müvafiq qurumlara müraciət edilməlidir. Bizim təhsil ocaqları uşaqları məktəbdən kənarlaşdırmaqla öz işini bitmiş hesab edir. Belə uşaqlar məktəbdən uzaqlaşa bilər, amma gördüyümüz kimi, cəmiyyətə öz fəsadlarını verməkdə davam edirlər. Hər bir problemi həll etməyin yeganə yolu, onu yaradan səbəbi aradan qaldırmaqdır. Səthi alınan qərarlar problem həll etmək iqtidarında deyil”.

Zaira Akifqızı
Globalinfo.az