İsrailin gecə hücumlarında Qəzzada azı 49 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bunu Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi açıqlayıb.
Ən dəhşətli hadisələrdən biri Cəbəliyə qaçqın düşərgəsindəki məktəbin bombalanması nəticəsində baş verib. Bu hücum zamanı 8 nəfər diri-diri yanıb.
Qəzza şəhərində yerləşən və köçkünlərin sığındığı stadion da İsrail aviazərbələrinin hədəfi olub. Hücum nəticəsində 12 nəfər ölüb. Dağıntılar altından sağ qalanların axtarışları davam etdirilir.
Bütün bunlarla yanaşı, İsrail Ordusu əsgərlərə yardım nöqtələrində gözləyən silahsız fələstinlilərə atəş açılması ilə bağlı yayılan məlumatları təkzib edib. Ordudan bildirilib ki, bu hadisələrlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha öncə bir neçə dəfə yardım məntəqələrinə yaxınlaşan fələstinlilərin vurulduğu və yaralandığı hallar qeydə alınmışdı.
Digər tərəfdən, Qətər İsraillə İran arasında gərginliyin səngiməsindən sonra girovların azad olunması üçün “imkan pəncərəsi”nin yarandığını bildirib.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında İsrail ilə HƏMAS arasında atəşkəsin yaxın bir həftə ərzində əldə olunacağına ümid etdiklərini deyib:
“Biz gələn həftə atəşkəsə nail olacağımızı düşünürük. Qəzzadakı vəziyyət üzərində işləyirik və bu problemi həll etməyə çalışırıq”, – deyə Tramp bildirib.
Aysel Əliyeva
Globalinfo.az














