Məhkum həbsdə olduğu müddətdə evinə neçə dəfə gələ bilər?

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov atasının dəfnində iştirak edə bilmək üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.

Maraqlıdır ki, o, ötən ilin yayında 14 yaşlı oğlunun dəfnində icazəli şəkildə iştirak edə bilmişdi. Onun növbəti müraciəti bir sıra məsələləri gündəmə gətirib ki, onlardan biri də həbsdə olan kəslərin icazə ala bilməsidir. Bir məhbus ard-arda yaxınlarını itirdiyi zaman onların hər birinin dəfnində iştirak edə bilərmi?

Qanun buna nə deyir?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, məhkumların cəzaçəkmə müəssisələrində olan rejimləri, o cümlədən yaxın qohumlarının ölümü, eləcə də ağır xəstəliyə düçar olduqda onların ziyarətlərinin təşkili Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi (CİM) ilə tənzimlənir.

Onun sözlərinə görə, CİM-in 89.1-ci maddəsinə əsasən, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlər zamanı ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin mütləq şəkildə yaxın qohumlarının ölümü və eləcə də ağır xəstəliyə düçar olması səbəbi ilə 7 gündən çox olmayan qısa müddətli səfərlərə buraxılması qanunvericilikdə nəzərdə tutulub:

Ramil Süleymanov

“Eyni zamanda həmin CİM-in 89.2-ci maddəsinə görə, cəzaçəkmə müəssisəsinin müdriyyəti bunu müvafiq rəhbərliyi ilə razılaşdırdıqdan sonra onun qısa müddətli səfərə buraxılması icra olunur. 89.4-cü maddədə isə qeyd olunur ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla ildə bir dəfə məzuniyyətə buraxıla bilər”.

Hüquqşünas onu da əlavə edib ki, məhkumların yaxın qohumlarının ölümü və o cümlədən ağır xəstəliyə düçar olması nəticəsində qısa müddətli səfərlərə buraxılması mərkəzi icra hakimiyyəti orqanının tənzimlənməsi ilə onlar tərəfindən müəyyən olunmuş qaydalara əsasən həyata keçirilir.

Zaira Akifqızı
Globalinfo.az