Məhkəməlik olduğu feysbuk statusunu silsə də, cərimələndi

Sabunçu Rayon Məhkəməsində hüquqşünas Abdulla Əfəndizadə ilə vəkil Cavid Alıyev arasında məhkəmə çəkişməsi başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə C. Alıyevin A. Əfəndizadə barəsində xüsusi ittiham qaydasındakı şikayətini təmin edib.

Hüquqşünas Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mənəvi zərərə görə isə A. Əfəndizadədən 500 manatın tutularaq C.Alıyevə ödənilməsinə qərar verilib.

Tərəflər arasındakı narazılıq Əfəndizadənin feysbukda Alıyev barəsində yazdığı statusa görə yaranıb. O həmin statusda qeyd edib:

“Ehtiyatlı olun, saxtakarlıq!

Hər şey üst-üstə düşür. Cavid Alıyev vətəndaş Aytən Mahmudovadan nə az, nə çox 20 000 manat pul alaraq onu aldadır. Bundan xəbər tutan Vəkillər Kollegiyasının sədri bu dələduzluğa görə cəzalandırmaq əvəzinə, ona A4 formatında saxta bir diplom verir. Yəqin bu “mükafat” elə belə verilməz. Ortada 20 000 olan yerdə hər şeyə göz yummaq olar”.

C.Alıyevin məhkəməyə müraciət etməsindən sonra A.Əfəndizadə sosial şəbəkədə yazdığını silib və barışığa cəhd göstərib.

Qeyd edək ki, Cavid Alıyev hazırda Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri vəzifəsini tutur.