Məhkəmə məşhur serialın yayım qadağasını təsdiqlədi

Qalmaqallara səbəb olan “Kızıl Goncalar” serialına Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) verdiyi yayımlanma qadağası qərarını məhkəmə də təsdiqləyib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş rollarını tanınmış aktrisa Özgü Namal və məşhur müğənni-aktyor Özcan Denizin canlandırdığı və “FOX TV”də yayımlanan seriala qadağa qoyulma xəbərini prodüser Faruk Turqut açıqlayıb.

O, bu məlumatı sosial media hesabında paylaşıb: “Bu axşam (8 yanvar) yayım yoxdur. Regional İnzibati Məhkəmə RTÜK-ün verdiyi yayımın dayandırılması qərarını təsdiqlədi. “Kızıl Goncalar”ı yayımlaya bilmirik”.

Qeyd edək ki, serial həkim Levent ilə təriqət içində yaşayan Meryemin həyatlarının kəsişməsindən bəhs edir. Serial təriqət səhnələri ilə sosial mediada müzakirə mövzusuna çevrilib. İlk bölümdə məzhəbə mənsub uşaqların gənc yaşda evləndirilməsi, qızların məktəbə göndərilməməsi, Quran dərsləri ilə bağlı kursda zorakılıq kimi bir çox səhnələr müzakirələrə səbəb olub.

Daha öncə serialın İstanbulun Şişli şəhərindəki tanıtım afişalarına boyalı hücum olunmuşdu. Ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə serialın Levent səmtindəki xəstəxana səhnələri üçün seçilən məkan çəkilişlərdən imtina etmişdi.