bibiheybet mescidi

Artıq uzun illərdir, Ramazan və Qurban bayramlarının qeyd olunma tarixlərində fərqli yanaşmalar müşahidə olunur. Belə ki, bəzi insanlar bayramı bir gün əvvəl, digərləri isə bir gün sonra qeyd edirlər. Bu il də oxşar vəziyyət Məhərrəm ayı ilə bağlı yaranıb. Rəsmi olaraq Məhərrəm ayının 16 iyunda başladığı açıqlansa da, bəzi şəxslər və dini çevrələr 17 iyunda başlayacağını bildirirlər. Bu fərqlilik isə cəmiyyətdə çaşqınlıq yaradır.

Niyə hər dəfə dini bayramların, günlərin tarixləri ilə bağlı fikir ayrılığı yaranır?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, istər Məhərrəm ayı, istərsə də dini bayramlar Ayın görünməsi ilə təsbit olunur:

“Ya Ayı insan özü görür, ya iki adil şəxs Ayı gördüyünü iddia edir, ya da teleskop vasitəsilə göründüyü mütəxəssislər tərəfindən bildirilir. Azərbaycanda onillərdir ki, Ayın görünməsi Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata əsasən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiqlənərək qəbul edilir. Bu informasiyanın bazası əsasında Qazılar şurası fətva verərək ayın göründüyünü ictimaiyyətə çatdırırlar”.

rufet qarayev ilahiyyatci

Rüfət Qarayev

İlahiyyatçı qeyd edib ki, illərdir yaranan ixtilafı anlayışla qarşılayıb, işin mahiyyətinə yönəlməyə ehtiyac var:

“Artıq Məhərrəm ayı başlayıb. Biz düşünməliyik ki, bu ayda nə etməliyik, necə Allaha yönəlməliyik və Həzrəti Hüseyni (ə) tanıyaraq necə sevməliyik. Bizdən tələb olunan budur. Ayın başlaması məsələsini isə mütəxəssislərin, səlahiyyətli şəxslərin öhdəsinə buraxsaq, daha məqsədəuyğun olar. Çünki sadə vətəndaşlar Ayın çıxıb batması ilə məsul deyil. Məsul olduqları vəzifə Ayın çıxıb batdığı zaman dilimini necə dəyərləndirmələridir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: