Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən gün Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı açıqladığı detallar Rusiya amilini yenidən gündəmə gətirib. Belə ki, Mehdiyevin Azərbaycanda rejim dəyişikliyi ilə bağlı hazırladığı planı Rusiya rəhbərliyinə təqdim etmək üçün israrla Moskva ilə əlaqə saxlaması, məhz bu ölkəyə müracətini əks etdirən səs yazıları müəyyən edilib.
Digər tərəfdən, araşdırmalar nəticəsində AXCP sədri Əli Kərimlinin də hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə KTMT-yə üzv olacağına dair söz verdiyi ortaya çıxıb. Bütün bunlar Moskvanın Azərbaycana təsir imkanlarının nə dərəcədə olması ilə bağlı sualları aktuallaşdırıb.
Bu ifşalar Rusiya faktorunun zəiflədiyi ilə bağlı təsəvvürləri dəyişirmi, yoxsa məsələ daha dərin və çoxqatlıdır? Burada söhbət təkcə məlum fiqurlardan gedir, yoxsa prosesin görünməyən tərəfləri də mövcuddur?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiya Azərbaycan siyasətində həmişə əhəmiyyətli aktor olub:
“Bu, 100 ildən artıqdır dəyişməyən reallıqdır. Moskva Azərbaycanda bir yox, bir neçə qüvvə ilə əməkdaşlıq edib. Hətta açıq şəkildə demək olar ki, məlum olan qədər məlum olmayan hüceyrə mahiyyətli qüvvələr də var. Rusiya, cəmiyyətin fərqli seqmentlərinə müxtəlif formalarda nüfuz edə bilir.

Turab Rzayev
Son təqdim edilən materiallarda həm Ramiz Mehdiyevin timsalında illərlə dövlət içində xidmət edən şəxslərdə, həm də Əli Kərimli kimi müxalifət nümayəndələrində Rusiya təsirinin qaldığını görürük. Bütün bunlar Moskvanın Azərbaycan cəmiyyəti daxilində güclü dayaqlarının olduğunu təsdiqləyir. Hazırda bu dayaqlar zəifləsə də, mövcudluğunu qorumağı bacarıb. Bütün xalq kimlərin Rusiyaya xidmət etdiyini bilməlidir. Bunların aşkarlanıb ifşa edilməsi mütləqdir. Bizim indi keçdiyimiz prosesi Baltik və Şərqi Avropa ölkələri də yaşayıb”.
Turan Rzayev
Globalinfo.az