“Budəfəki MDB sammiti əvvəlkilərə baxanda çətin keçəcək. Separatçıların dünən Xankəndidə təşkil etdiyi aksiya bunu deməyə əsas verir”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti haqda danışarkən deyib.
Onun sözlərinə görə, MDB təşkilat kimi formal xarakterlidir, lakin bəzən mühüm məsələlər müzakirə edilir:
“MDB Rusiyanın SSRİ-dən sonra keçmiş müttəfiq respublikaları bir arada saxlamaq üçün yaratdığı təşkilat idi. Lakin illər keçdikcə Rusiyanın aqressiv xarici siyasəti və dəyişən geosiyasi vəziyyət bir çox ölkələrin təşkilatdan çıxmasına, beləcə MDB planını iflas etməsinə gətirib çıxardı. Bu mənada təşkilat hazırda formal toplantılar keçirməkdən başqa heç nə etmir.
Budəfəki sammiti xüsusi edən məqam isə ötən gün separatçı lider olmaq istəyən Ruben Vardanyanın Xankəndidə aksiya təşkil etməsidir. Vardanyan yaxşı bilir ki, sammitdən əvvəl belə bir aksiyanın təşkil edilməsi diqqət çəkəcək. Eyni zamanda aksiya ilə bağlı məsələ sammitdə müzakirə də edilə bilər.
Rusiya Vardanyanı məqsədyönlü şəkildə himayə edir və günü-gündən gücləndirir. Təsadüfi deyil ki, dünənki aksiyanın da təşkili Kremlin xeyir-duası ilə baş tutub. Vardanyan özbaşına deyil və ondan belə bir şey istənilməsə, etməz”.
Politoloqun sözlərinə görə, rəsmi Bakı öz mövqeyindən geri çəkilməyəcək:
“Azərbaycan açıq şəkildə bildirib ki, ermənilərə nə mədəni, nə də siyasi muxtariyyət veriləcək. Bunu ermənilər də, ruslar da yaxşı bilir. Buna görə də həm Bakını bu fikrindən daşındırmaq, həm də şərtləri dəyişmək üçün Vardanyan Kremlin dəstəyi ilə Xankəndidə aksiyalar təşkil edir.
Hesab edirəm, bu və bu kimi cəhdlər əbəsdir. Rəsmi Bakının mövqeyi dəyişməzdir. Əskinə, bənzər hallar davam edərsə, antiterror əməliyyatı üçün real vəziyyət yarana bilər. Belə olan halda Bakı Xankəndini nəzarətə alıb, Araik Arutyunyan və Ruben Vardanyanın zərərsizləşdirmək haqqında özündə saxlayır”.
Turan Rzayev
Globalinfo.az