
Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində batan ikinci şəxsin də cəsədi çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, birgə məlumatda deyilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”.
***14:53
Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər görülür.
Bölgələrə və paytaxt Bakıya yağan aramsız yağış ziyansız ötüşməyib.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
“Sabunçu keçidi” adlanan ərazidə “Ford” markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.
***
Bakıya gecədən yağan leysan xarakterli yağış bir sıra fəsadlar törədib.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın müxtəlif ərazilərində yolların su altında qaldığı, avtomobillərin hərəkətinin dayandığını əks etdirən görüntülər yayılıb.
Məlumata görə, “Sabunçu keçidi” adlanan ərazidə “Ford” markalı minik avtomobilinin içərisində olan 2 nəfərlə birlikdə batdığı deyilir.
***
Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı “Sabunçu keçidi” adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
***
Fövqəladə Hallar Nazirliyindən lent.az-a bildirilib ki, yayılan məlumatla bağlı araşdırma başladılıb.
Qeyd olunub ki, əraziyə FHN qüvvələri cəlb edilib.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.














